AMEA-nın Naxçıvan Bölməsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan “Müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi” mövzusunda elmi konfrans keçirilib.
Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyi dövründə ölkədə baş verən nəzərəçarpan inkişafdan bəhs edib, dünyanın məşhur dövlət xadimlərinin onun haqqında söylədikləri fikirləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. Vurğulayıb ki, ölkənin ən ağır günlərində ona sahib çıxan dahi rəhbərin seçdiyi düzgün strategiya və gələcəyə hesablanmış inamlı fəaliyyəti bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün öz labüd bəhrəsini verməkdədir.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və banisidir” mövzusunda olan məruzədə qeyd edib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində parçalanmaq, vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanı xilas etmək missiyasını Heydər Əliyev öz üzərinə götürdü. Bu missiyanın uğurla həyata keçirilməsi nəticəsində Ermənistanın həyata keçirdiyi hərbi təcavüzün qarşısı alındı. 1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı.
“Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan dövlətinin xarici siyasəti” mövzusunda məruzə edən AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev zəngin dövlətçilik təcrübəsinə malik Azərbaycanın yeni xarici siyasətində Heydər Əliyevin müəyyənləşdirdiyi ən mühüm və tarixi məsələlərdən söz açıb. Vurğulanıb ki, bu gün Azərbaycanın xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi müstəqil dövlətimizin mövqelərinin daha da yüksələcəyindən xəbər verir.
Konfransda, həmçinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev “Ümummilli lider Heydər Əliyev və azərbaycançılıq ideologiyası” və həmin institutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin Naxçıvan dövrü”ndən bəhs ediblər.