“Peşə təhsili: reallıqlar və perspektivlər” mövzusunda seminar keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbində “Peşə təhsili: reallıqlar və perspektivlər” mövzusunda seminar keçirilib.

Seminarda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov bildirib ki, muxtar respublikada peşə təhsilinin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir, ixtisaslı kadr hazırlığı diqqətdə saxlanılır. Nazir qeyd edib ki, hazırda muxtar respublikada 5 peşə təhsili müəssisəsi fəaliyyət göstərir. Onlardan 4-ü - Naxçıvan, Şərur və Ordubad Texniki Peşə və Sürücülük məktəbləri, Naxçıvan Şəhər Peşə Liseyi Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Ən müasir maddi-texniki bazaya malik peşə təhsili müəssisələrində müdavimlərin təhsili üçün lazımi şərait yaradılıb, kabinə və emalatxanalar əyani vəsaitlərlə təmin edilib. 

Qeyd olunub ki, muxtar respublikada əhalinin məşğulluğunun artırılması, eləcə də bir sıra məşğuliyyət sahələrinin inkişafı üzrə Dövlət Proqramlarının uğurla icrası məqsədilə görülən işlər peşə təhsili müəssisələrində müvafiq peşə ixtisaslarının açılmasına və peşə təhsilinə marağı artırıb.  Belə ki, ötən il ərzində 106 qrup üzrə 1994 müdavim peşə təhsili alıb, kursu müvəffəqiyyətlə başa vuranlar müvafiq sertifikatla təmin olunublar.

Rəhman Məmmədov muxtar respublikada tədrisin günün tələblərinə uyğun  təşkilindən və peşə məktəblərinin fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsindən də danışıb. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 19 mart tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsə çevrilib, məktəbin nizamnaməsi və ştat strukturunu təsdiq edib.

Vurğulanıb ki, peşə təhsili sahəsində tətbiq edilən yeniliklərdən biri də Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 4 may tarixli Qərarı ilə peşə təhsili kursları üzrə kadr hazırlığının təşkilidir. Həmin qərarla peşə təhsili kursları üzrə kadr hazırlığı aparılan 47 ixtisasdan 26-nın tədris müddətində dəyişikliklər edilib, yeni tədris planı təsdiq olunub.

Sonra peşə təhsili müəssisələrinin fəaliyyəti və görülən işlərlə bağlı müzakirələr aparılıb. Mövzu ətrafında Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbinin direktoru Rəfail Abdullayev, Şərur Texniki Peşə və Sürücülük Məktəbinin direktoru Vəfadar Ələkbərov, Ordubad Texniki Peşə və Sürcülük Məktəbinin direktoru Nicat Rzayev və Naxçıvan Şəhər Peşə Liseyinin direktoru Sona Əliyeva çıxış edərək peşə təhsili müəssisələrində kadr hazırlığı, peşə təhsilinin vəziyyəti ilə bağlı məlumat veriblər.

Sonda Təhsil naziri Rəhman Məmmədov seminar iştirakçılarının diqqətinə çatdırıb ki, peşə təhsili müəssisələrində fəaliyyət müasir tələblər səviyyəsində qurulmalı, kursların təşkili zamanı fənlərin tədrisinə ixtisaslı kadrlar cəlb edilməlidir. Eyni zamanda metodiki və praktiki hazırlığın yüksək səviyyədə təşkilinə, təhsil müəssisələrində çalışan işçilərin müvafiq ixtisasartırma, peşə ixtisası kurslarına cəlbinə və digər məsələlərə diqqət artırılmalıdır.

Ərhan Novruzov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: