NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikanın ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan inşa yazı müsabiqəsi keçirilib.
İnşa-yazı müsabiqəsi başlanmazdan əvvəl təhsil nazirinin müavini Heyran Əhmədova ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu, çoxşaxəli fəaliyyəti barədə məlumat verib.
Sonra müsabiqəyə start verilib. 40-a yaxın şagirdin iştirak etdiyi müsabiqədə şagirdlər 2 saat ərzində ümummilli lider Heydər Əliyevin məbnalı ömür yolu və çoxşaxəli fəaliyyəti barədə inşa yazıblar.
Müsabiqə iştirakçılarının yazı işləri münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilib. Nəticələrə uyğun olaraq Sədərək kənd 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Aytən Ələkbərli birinci, Kəngərli rayon Yurdçu kənd tam orta məktəbin IX sinif şagirdi Günay Abbasova və Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Könül Vəlizadə ikinci, Culfa rayon Ərəzin kənd tam orta məktəbin IX sinif şagirdi Məleykə Hüseynova, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin IX sinif şagirdi Aydan Kəngərli və Ordubad rayon Dırnıs kənd tam orta məktəbin XI sinif şagirdi Billurə Hüseynli üçüncü yeri tutublar. Ordubad rayon Kotam kənd tam orta məktəbinin X sinif şagirdi Zeynəb Mehdiyeva, Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Səma Rəhimli, Heydər Əliyev adına Hərbi Liseyin kursantı Məmməd İsmayılov isə həvəsləndirici yerə layiq görülüb.
İnşa yazı müsabiqəsinin qalibləri Təhsil Nazirliyinin diplomları ilə mükafatlandırılıblar.
Mədinə Rəhimli