Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Təhsil nazirliklərinin “Təhsil və mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2020-2021-ci tədris ili üçün tədbirlər planı”na əsasən Təhsil Nazirliyinin və Naxçıvan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə “Bu, kino ki var...” adlı kinoviktorinanın muxtar respublika birinciliyi keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərindəki Gənclər Mərkəzində keçirilən birincilikdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 5-9-cu sinif şagirdlərindən ibarət 8 komanda iştirak edib. Kinoviktorinanın keçirilməsində məqsəd məktəblilərin kino biliyinin yoxlanması, milli kinonun təbliğidir.
Yarımfinal mərhələlərində ən yüksək bal toplayan 4 komanda - Ordubad, Şərur, Sədərək və Naxçıvan şəhərindəki 7 nömrəli tam orta məktəbin komandası finalda iştirak etmək hüququ qazanıb.
Finalda Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin komandası I, Ordubad rayon komandası II, Şərur rayon komandası isə III yerə layiq görülüblər.
Sonda qalib komandalara diplomlar təqdim olunub.