Ulu Öndərə həsr olunmuş interaktiv dərsi muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbinin şagirdləri izləyib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ümumtəhsil məktəbləri ilə Heydər Əliyev Muzeyi arasında keçirilən interaktiv dərsi 200-dən artıq ümumtəhsil məktəbinin şagirdləri izləyib.
Dərsdə muzeyin bələdçisi Hicran Bədəlova mədəniyyət müəssisəsi barədə şagirdlərə ətraflı məlumat verib.
Bildirib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və həmin il mayın 10-dan fəaliyyətə başlayıb. Ümummilli liderin sağlığında yaradılan muzeydə ulu öndərin həyatının müxtəlif dövrlərinə həsr olunmuş eksponatlar, eləcə də dahi şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işlədiyi dövrdə qəbul etdiyi müxtəlif tarixi sənədlər toplanılıb.
İnteraktiv dərsdə dahi rəhbərin vətənimizin suverenliyi, ölkəmizin düşdüyü bəlalardan xilası, Azərbaycanın inkişafı naminə mübarizədə əvəzolunmaz xidmətlərindən söz açılıb. Bildirilib ki, müstəqil dövlətçilik yolunda ilk addımlarını məhz Naxçıvanda atan ümummilli liderin təşəbbüsü ilə üçrəngli bayrağımız ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentində qaldırılıb, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarılıb, Azərbaycanda ilk milli ordu quruculuğuna Naxçıvan Muxtar Respublikasında başlanılıb.Ulu öndərin 1993-cü ilin iyununda siyasi hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik xalqımızın ən qiymətli mənəvi-ideoloji sərvətinə çevrilib.
Qeyd olunub ki, xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi-iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş müstəqil Azərbaycan dövlətini miras qoyan ulu öndər Heydər Əliyev xalqımız qarşısında misilsiz xidmətləri ilə bu gün hər birimizin qəlbində yaşayır. Böyük insanın həyat yolu hər bir məktəbliyə, hər bir gəncə nümunədir.
Adilə Səfərova