O ən sədaqətli dostdur - Söz tələbə jurnalistlərindir

A- A A+

İnsan üçün öyrənməyin, kamilliyə çatmağın  ən təsirli  yolu kitab oxumaqdır. Kitabı, mütaliəni sevən cəmiyyət uğurlu inkişafla yanaşı həm də yenilməyən bir  güc qazanmış olur. Çünki insan beyni oxuyaraq güclənir, dünyaya fərqli baxış bucağından baxır. Kitab oxumağı sevən insanların həm söz xəzinələri geniş olur, həm də  yeni-yeni məlumatlar əldə etmək istəyi də artır. Oxumağın nə yaşı, nə də ki zamanı olur. İnsan hər yaşda oxumalı, öyrənməli, oxumaqla düşüncələrini inkişaf etdirməlidir. Belə bir deyim vardır: "Ən gözəl kitab ümidlə açılıb qazancla bağlanandır". Oxumaqda əsas olan kəmiyyət yox, keyfiyyət olmalıdır. İnsan nə qədər çox kitab oxumağına yox, oxuduğu kitablardan nə öyrəndiyinə baxmalıdır. Bəzən anlayaraq oxunan bir səhifə belə insana çox şeylər qazandıra bilər.

Həyatda öyrənmək üçün ömrümüzün çatmadığı məlumatları kitablardan əldə etdiyimiz biliklərlə qısa bir zamanda öyrənə bilərik.  Çünki kitab oxumaq öyrənməklə birlikdə vaxtını daha xoş keçirməyin və dünyanı səyahət etməyin  ən qısa  və asan yoludur. Atalar yerində deyib: "Heç bir gəmi bizi kitab qədər uzağa apara bilməz". Bundan əlavə insan oxuduqca kamilləşir, özünü başqasının yerinə qoymağı və problemlərlə qarşılaşanda onu həll etməyin yollarını öyrənərək həm də cəmiyyətdə hər zaman hörmət edilən bir  şəxsə çevrilir.

Mütaliədə kitab seçimi də çox vacib amillərdəndir. Özümüzə insanlar arasından dost seçərkən göstərdiyimiz diqqəti   kitab seçərkən də göstərməliyik. Məlumatın, elmin  mənbəyi olan kitablar  həm də insan üçün sadiq bir dostdur. Ondan bezəndə hirslənməyən,  məsləhət istəyəndə isə aldatmayan əsl dost. Onlarla keçirdiyimiz vaxt müddətində bəzən əylənər, bəzən kədərlənərik, amma heç vaxt vəfasızlıq görmərik. Bu vəfalı dostun tək istəyi isə onda yazılanları düşünərək, anlayaraq oxumağımızdır. Hər bir kəlməsi ilə dünyanın sirlərindən xəbər verən kitablar uşaq, gənc, yaşlı deyə ayırmadan hər kəslə danışar, öz dostuna dünyanın sirlərini öyrədərək kamillik zirvəsinə ucalda bilər.   

Ümidsizliyi ümidə, çarəsizliyi çarəyə, cəhaləti isə dünyanın günəşi olan biliyə çevirən belə bir dostdan uzaq durmaq ən böyük peşimanlıq olar. Kitabı özünə dost seçən insan yaradanın ona bəxş etdiyi bu qısa həyatın sonunda geridə hər kəsə örnək ola biləcək ömür səhifələrindən ibarət əsər buraxar. Odur ki, hər birimiz bizi həyatın bütün sahələrində yüksəldən kitablarla sözün əsl mənasında dost olaq.

 

İlahə Allahverdiyeva

Naxçıvan Dövlət Universitetinin

"Jurnalistika " ixtisası üzrə II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: