Naxçıvan Bölməsində “Əli və Nino” əsəri müzakirə olunub

A- A A+

AMEA Naxçıvan Bölməsində “Oxunması zəruri olan kitablar siyahısı”na daxil olan “Əli və Nino” əsərinin müzakirəsi keçirilib.

Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.  Əsərin mövzusu və günümüzlə səsləşən məqamlardan bəhs edən alim bildirib ki, 33 xarici dildə dünyanın 60-dan artıq ölkəsində nəşr olunan roman Şərq və Qərb mədəniyyətinin qovşağında yerləşən ölkəmizin təbliğində olduqca mühüm əhəmiyyətə malikdir. Əsərdə erməni, gürcü və azərbaycanlıların milli xarakteri, həyat tərzi, düşüncə və amalları böyük ustalıqla əks olunub. Bu baxımdan ədəbiyyatımızı dünyaya tanıdan, tarixi reallıqlara, milli və beynəlmiləl məsələlərə diqqət çəkən “Əli və Nino”nun “Oxunması zəruri olan kitablar siyahısı”na daxil edilməsi xüsusilə önəmlidir. “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamın muxtar respublika sakinlərinin mütaliəyə marağının artmasında rolundan söz açan bölmə rəhbəri bu təqdirəlayiq sərəncama görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Müzakirədə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşlarından filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Milli mühacirət və mücadilə ədəbiyyatının möhtəşəm əsəri “Əli və Nino” romanı”, dosent Elxan Məmmədov “Sevgi və tarix paralelliyində multikultural mesaj”, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova isə “Əli və Nino” əsərinin tədqiqi məsələləri” mövzusunda çıxış ediblər.

Sonda çıxış edən AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev əsərlə bağlı fikirlərini bildirib.

Qeyd etmək lazımdır ki, səmərəli keçən müzakirə dinləyicilər tərəfindən maraqla qarşılanıb, mövzu ilə bağlı yeni tədqiqat istiqamətləri müəyyənləşdirilib.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: