Aşıq Ələsgər məktəbi Şərur-Naxçıvan-Şahbuz aşıqlarının yaradıcılığına güclü təsir edib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər AMEA Naxçıvan Bölməsində Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin yubileyi münasibətilə keçirilən “Aşıq Ələsgər-200” adlı elmi konfransda səsləndirilib.
Konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliği sahəsində ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. Məhz ulu öndərin təşəbbüsü ilə sənətkarın yubileyləri dövlət səviyyəsində qeyd edilib. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilib. Ölkə Prezidenti İlham Əliyev Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncamla əlaqədar Naxçıvan Muxtar Respublikasında Tədbirlər Planı da təsdiq edilib. Bu sənətkarın ölməz irsinə göstərilən dövlət qayğısının da bariz nümunəsidir.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev Aşıq Ələsgərin sənətkarlıq xüsusiyyətlərindən danışıb. Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, filologiya elmləri doktoru, professor Yusif Səfərov Aşıq Ələsgərin Naxçıvan səfəri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Vurğulanıb ki, aparılmış araşdırmalar nəticəsində Aşıq Ələsgərin “Naxçıvan səfəri” və bir çox şeirləri 19-20-ci əsrlər Göyçə aşıq mühitinin Naxçıvan aşıq mühiti ilə sıx sənət və yaradıcılıq ənənələrinə malik olduğunu aydın göstərir. Dədə Ələsgər yaradıcılığı və məktəbi Şərur-Naxçıvan-Şahbuz aşıqlarının yaradıcılığına, sənətdə inkişaf edib təşəkkül tapmalarına güclü təsir edib.
Elmi konfransda Naxçıvan Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərovun, AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyevanın və “Naxçıvan” Universitetinin kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nüşabə Məmmədovanın çıxışları dinlənilib. Bildirilib ki, Aşıq Ələsgərin nəhəng sənətkar obrazı, əzəməti poeziyamızın nəhayətsiz kəhkəşanında sönməzlik qazanıb.
Adilə Səfərova