“Sabahın müəllimi” layihəsi çərçivəsində sonuncu kurs tələbələri ilə görüş keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Texniki Kollecində keçirilən görüşdə bu il məzun olacaq ali təhsil müəssisələrinin tələbələri iştirak edib. Görüşdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada müəllim kadrlarının hazırlanması üçün görülən işlərdən danışıb. Nazir qeyd edib ki, Naxçıvanda təhsilin bütün sahələri qayğı ilə əhatə olunub, müasir tələblərə cavab verən təhsil infrastrukturu yaradılıb, 2020-2021-ci tədris ilindən yeni təlim metodu, STEAM-ın tətbiqinə başlanılıb.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə 30 pedaqoji profilli ixtisas Təhsil Nazirliyinə hamiliyə verilib. Artıq 3 ildir ki, Təhsil Nazirliyi tərəfindən “Sabahın müəllimi” layihəsi çərçivəsində tələbələrin ümumtəhsil məktəblərində nümunəvi təcrübə keçmələri təmin edilir. Rəhman Məmmədov təkcə cari tədris ilində 7 məktəbdə 203 tələbənin pedaqoji təcrübədə olduğunu da vurğulayaraq bildirib ki, bu təcrübə müddətində tələbələr pedaqoji prosesi mənimsəmə və pedaqoji mühitə uyğunlaşma imkanı əldə ediblər.
Tələbələrin diqqətinə o da çatdırılıb ki, 2018-ci ildən başlayaraq pedaqoji profilli ixtisasları bitirən gənclərin işə qəbulu müsabiqə yolu ilə aparılır. Bu günədək 6-sı müəllimlər, 3-ü isə vəzifəlilər üçün olmaqla, 9 müsabiqə keçirilib. Həmin müsabiqələrdə yüksək nəticə göstərən kadrlardan 466-sı müəllim, 140-ı isə müxtəlif vəzifələr olmaqla, ümumilikdə 606 gənc kadr işlə təmin olunub. 2021-2022-ci tədris ili üçün isə 200-dən çoxu müəllim, 90-dan çoxu isə müxtəlif vəzifələr olmaqla, 300-ə yaxın vakant yer müsabiqəyə çıxarılacaq.
Gənc müəllimlərin işə qəbulu qaydaları və stimullaşdırıcı tədbirlər, yeni təlim metodlarının ümumtəhsil məktəblərində tətbiqi, məktəblərdəki boş müəllim və vəzifə yerlər barədə tələbələrə məlumat verilib.
Nazir tələbələrin müsabiqədə fəal iştirak etməsi, ixtisas və müasir təlim metodları üzrə hazırlıqlı olmaları ilə bağlı tövsiyələrini verib.
Ərhan Novruzov