Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 2020-2021-ci tədris ilində TEC-in xətti ilə aparılmış elmi-tədqiqat işlərinin yekun konfransında universitetin rektoru Elbrus İsayev ali təhsil ocağında tələbələr üçün yaradılan şəraitdən danışıb. Bildirib ki, 7 mindən çox tələbənin təhsil aldığı universitetdə Tələbə Elmi Cəmiyyətinin üzvləri fəallıq göstərir. İxtisaslı kadrların yetişməsində nəzəri biliklərin vacibliyi ilə yanaşı aparılan təcrübələr, həyata keçirilən elmi-tədqiqat işləri diqqət mərkəzində olan məsələlərdəndir.
“Ali təhsil ocağında 2 hektar ərazini əhatə edən, müxtəlif elm sahələri üzrə təcrübə-konstruktor, elmi-tədqiqat və startap layihələrinin mühüm elmi nəticələrinin tətbiqini həyata keçirən Texnoparkın yaradılması eyni zamanda muxtar respublikada təhsil sahəsində həyata keçirilən tənzimləmələrin və bu sahədəki islahatların sosial və məntiqi davamıdır” ,- deyən rektor Tələbə Elmi Cəmiyyətinin üzvü olan tələbələrə yeni layihələrin həyata keçirilməsi və tətbiqində texnoparkın əhəmiyyətindən danışıb.
Tələbə Elmi Cəmiyyətinin sədri, Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə I kurs magistr Təbrizə Bağırova diqqətə çatdırıb ki, 2019-2020-ci tədris ilində 349 nəfər elmi-tədqiqat işlərinə cəlb olunmuşdusa, 2020-2021-ci tədris ilində bu rəqəm 570-ə çatıb.
Sonda bir qrup tələbəyə smart kartları təqdim olunub.