NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda “Ümumi təhsildə kurikulum islahatları: nəticələr və perspektivlər-2021” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
Konfransda Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasında ümumi təhsil konsepsiyası qəbul olunub. Milli kurikulum demokratizm, humanizm kimi prinsiplərdən çıxış etməklə şagirdlərin maraq və ehtiyaclarına cavab verən mütəxəssislərin elmi yanaşmalarına söykənən, dövlətin təhsil siyasətini əks etdirən bir sənəddir.
Artıq ənənə şəklini almış “Ümumi təhsildə kurikulum islahatları: nəticələr və perspektivlər-2021” mövzusunda keçirilən konfranslar kurikulum islahatlarının ilkin nəticələrini elmi əməli cəhətdən təhlil etmək bu islahatların fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatına uyğunluq dərəcəsini və gələcək perspektivləri müəyyən etmək və kurikulumların tətbiqi sahəsində qazanılmış təcrübənin paylaşılmasını təmin etmək məqsədi daşıyır.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində 200-dən çox təhsil müəssisəsi üçün bina tikilib və ya əsaslı təmir olunub. 50 mindən çox şagirdin və 7 mindən çox müəllimin tədris şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb. Bu isə təhsildə innovativ yanaşmalara geniş imkanlar açıb.
Təhsil naziri qeyd edib ki, 2008-2009-cu tədris ilindən ümumtəhsil məktəblərində tədrisə yeni fənn kurikulumları və müasir dərsliklərlə başlanıb. Yeni kurikulumların tətbiqi ilə 7 mindən çox müəllim xüsusi proqram əsasında öyrədici təlim kurslarından keçirilib və tədris materialları ilə təmin edilib. Peşəkarlığın artırılması istiqamətində görülən işlərin davamı olaraq ötən tədris ilində 1500-dən artıq müəllim müxtəlif ixtisasartırma kurslarına, təlimlərə cəlb olunub. Müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılıb. Şahmatı tədris edən müəllimlərin sertifikasiyası keçirilib. Cari ilin yanvar ayından isə Naxçıvan Muxtar Respublikası dövlət ümumtəhsil müəssisələrində işləyən müəllimlərin sertifikasiyasına başlanılıb.
Təhsil naziri konfransın əhəmiyyətini yüksək dəyərləndirib, yeni yanaşmaları mənimsəyən və tətbiq edən pedaqoji kadrların təcrübələrinin artırılmasında mühüm əhəmiyyət daşıyacağını vurğulayıb. Qeyd olunub ki, ümumtəhsil məktəblərinin 79 müəllimi öz məqaləsi ilə konfransda iştirak edir.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, muxtar respublikada elmin, təhsilin tərəqqisi istiqamətində aparılan uğurlu dövlət siyasəti bu gün öz bəhrəsini verməkdədir. Məqsədyönlü təhsil strategiyasının nəticəsidir ki, Naxçıvanda möhkəm milli əsaslara malik, güclü maddi-texniki bazası olan müasir tipli universitet formalaşıb. Təhsilin müasir tələblər səviyyəsində qurulması gələcək kadrların peşələrinə bağlılığına, yeni təhsil metodlarından faydalanmaqlarına müsbət təsir göstərir.
Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi Səminə Rüstəmovanın və Ordubad Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Sahil Əlizadənin məruzələri dinlənilib.
Tədbir bölmə iclasları ilə davam etdirilib.
Adilə Səfərova