Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunan konfrans keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda  “22 May Beynəlxalq Biomüxtəliflik Günü”nə həsr olunan elmi konfrans keçirilib.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin  Ekoloji Tərbiyə Mərkəzi və Naxçıvan Dövlət Universiteti Təbiətşünaslıq və Kənd Təsərrüfatı fakültəsi əməkdaşlarının da iştirak etdiyi konfransda  AMEA Naxçıvan Bölməsi  Bioresurslar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru, dosent İsmayıl Məmmədov çıxış edib.  Beynəlxalq Biomüxtəliflik Gününün qeyd olunmasının önəmini vurğulayan alim bu günü təbiətin mühafizə olunmasına aid keçirilən silsilə islahatların mühüm tərkib hissəsi kimi qiymətləndirib.

Qeyd olunub ki,  son illər muxtar respublikada əlverişli ekoloji mühitin yaradılması məqsədilə dövlət proqramları qəbul edilib, biomüxtəlifliyin qorunması, saxlanması və istifadəsi, milli genetik bankın zənginləşdirilməsi tədbirləri davamlı şəkildə həyata keçirilib. Bu gün muxtar respublikada həyata keçirilən ekoloji tədbirlər beynəlxalq ekoloji təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, muxtar respublika ərazisinin 27 faizdən çoxunun xüsusi mühafizə olunması, yaşıllıqların artırılması sahəsində görülən işlər nüfuzlu təşkilat və ekspertlər tərəfindən nümunə kimi qəbul edilir. 1969-cu ildən ötən dövrdə Ordubad Dövlət Təbiət Yasaqlığı, Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu, “Arazboyu” Dövlət Təbiət Yasaqlığı, “Arpaçay” Dövlət Təbiət Yasaqlığı, akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının yaradılması muxtar respublikada biomüxtəlifliyin qorunub saxlanılmasına mühüm töhfədir.

Alim diqqətə çatdırıb ki, bu səmərəli fəaliyyətin aktiv iştirakçısı olan AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşları təbiətə etdikləri ardıcıl ekspedisiyalar zamanı bioloji müxtəliflik komponentlərinin mövcud vəziyyətinin qiymətləndirilməsi, bitki və heyvan növlərinin müəyyən olunması, nəsli kəsilməkdə olan və endem növlərin öyrənilərək kitab halına salınması prosesləri hər il davam etdirilir.

Konfransda digər çıxış edənlər Naxçıvan təbiətinin biomüxtəlifliyi,  nadir  bitki  nümunələri və onların  qorunması mövzularında məlumat veriblər.

Çıxışlarda  muxtar respublikanın flora və faunasının öyrənilməsi, eləcə də qorunmasının vacibliyini vurğulanıb. Biomüxtəlifliyin qorunmasında qoruq, yasaqlıq və milli markların əhəmiyyəti haqqında geniş məlumat verilib. Dərman bitkilərin əhəmiyyəti və onların biomüxtəlifliyinin artırılması yolları təhlil edilib, muxtar respublikada məktəblilərin təbiətə ekskursiyalarının təşkili və faydalı nəticələrinə diqqət çəkilib.

Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: