Naxçıvanda ilk dəfə Robotexnika və STEAM dərnəklərinin  texnosərgisi keçirildi - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təşkil olunan sərgidə Təhsil naziri Rəhman Məmmədov bildirib ki, şagirdlərin bilik və bacarıqlarından səmərəli istifadə edərək öyrəndiklərini tətbiq etmək, öz yaradıcılıqlarını müxtəlif fənlər üzərində praktiki yolla qurmaq imkanı yaratmaq məqsədi daşıyan texnosərgi elmi-tədqiqat işinə marağı olan istedadlı şagirdlərin aşkar edilməsinə mühüm töhfədir.

Nazir bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2019-cu ildən məktəbdənkənar təhsil müəssisələrində Robotexnika dərnəklərinin fəaliyyətinə, 2020-2021-ci tədris ilindən isə muxtar respublikanın bir sıra ümumtəhsil məktəblərində STEAM təlim metodunun tətbiqinə başlanılıb. Bu məqsədlə ötən müddət ərzində Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzi, Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə, Ordubad və Culfa rayonlarında yerləşən məktəbdənkənar təhsil müəssisələrində Robotexnika və STEAM otaqları, Şərur rayonunda yerləşən məktəbdənkənar təhsil müəssisəsində Robotexnika dərnəyi, Heydər Əliyev adına Hərbi Liseydə və 9 ümumtəhsil məktəbində STEAM kabinələri yaradılıb. Hazırda 2021-2022-ci tədris ilindən STEAM təlim metodu tətbiq ediləcək 38 məktəbdə kabinələrin yaradılması istiqamətində işlər görülür. Nəticədə növbəti tədris ilində layihə muxtar respublika üzrə 50 ümumtəhsil məktəbində 6 və 7-ci sinif şagirdləri olmaqla 273 sinif və 5035 şagirdi əhatə edəcək.

Vurğulanıb ki, bu günə qədər 80 müəllimə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, 150 müəllimə isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən STEAM təlimləri keçirilib.

Tədbirdə videoçarx nümayiş olunub, sonra texnosərgiyə baxış olub.

Sərgidə Təhsil Nazirliyinin tabeliyində olan 40 təhsil müəssisəsindən 105 şagirdin hazırladığı 111 ixtiraçılıq və tədqiqatçılıq modelləri  nümayiş olunub.

Texnosərginin yekununda STEAM dərsləri üzrə müəllim-mütəxəssislərin hazırlanmasında fəal iştirak edən təlimçilərə, layihələrinin əhəmiyyəti baxımından fərqlənən şagirdlərə diplom və hədiyyələr təqdim edilib, iştirakçılarla xatirə şəkli çəkilib.

Yaqub İsayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: