Qloballaşan dünya ilə yenilənən lüğətimiz - Söz tələbə jurnalistlərindir

A- A A+

Dil ancaq insanlara aid olan, özündə məzmun və eyni tip səslənmə (yazılış) qaydaları daşıyan prosesdir. O, yalnız ünsiyyət vasitəsi deyil, dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Hər bir dil ayrılıqda cəmiyyət  haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Azərbaycan dili də dünyanın qədim və zəngin  dillərindəndir. Dilimizin  zənginliyi  onun  qrammatik  quruluşunun  sabitliyi,  mükəmməlliyi  və möhkəmliyində,  bitib-tükənməyən söz xəzinəsində  öz  ifadəsini  tapır. Ana   dilimiz  yüzillər  boyu  pillə-pillə  inkişaf etmiş,  tarixin müxtəlif  dönəmlərində  təzyiqlərə  və təsirlərə məruz qalsa da, öz  müstəqilliyini, sabitliyini  qoruyub saxlaya bilib.  Dilimiz yaşadığı mürəkkəb  zamanların hər bir mərhələsindəki dəyişiklikləri,  yenilikləri və ədəbi hadisələri ifadə edə bilmək qüdrətilə yanaşı həm də  heyrətamiz mübarizliyi ilə bugünkü nəsillərə çatdıra bilmişdir. Zəngin söz ehtiyatına sahib olan ana dilimizin lüğət  tərkibi  həm  öz  daxili  imkanları  hesabına,  həm  də  bir  çox dünya dillərinin leksikasında yaranan və durmadan artan yeni-yeni anlayışlarla, yeniləşən kəlmələr hesabına inkişaf edir. Qloballaşmanın getdiyi zamanda leksikamıza daxil olan yeni sözlər dilimizin söz ehtiyatını daha da zənginləşdirir. Dövrün tələblərinə uyğun olaraq orfoqrafiya lüğətimiz  yeni sözlərlə zənginləşdikcə köhnə sözlər də öz işləkliyini itirərək dilimizdən çıxır. Bu gün yeni nəşr olunan Azərbaycan dilinin orfoqrafiya lüğətində artıq 110 min 563 söz yer almaqdadır. Bu məqamda Türk dünyasının dahisi olan H.Əliyev Azərbaycan dilinin inkişafı ilə bağlı dediyi sözü xatırlamaq lap yerinə düşər: "Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər söz ehtiyatlarına malikdir. Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik."

Bəli, ana dilimiz getdikcə zənginləşir, böyük söz ehtiyatına malik olur. Bu yaxınlarda yeni orfoqrafiya lüğətimiz nəşr olundu. Bu lüğət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli, 174 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan dilinin Orfoqrafiya Normaları”na uyğun tərtib edilib. Məlum olduğu kimi, əvvəlki lüğətlərdə alınma sözlərin yazılışında daha çox  ərəb və fars mənşəli sözlər və rus dilindən  dilimizə keçən sözlərin yazılışı öz əksini tapırdı. Bu da dövrün tələblərindən irəli gəlirdi. Çünki xalqımız uzun illər ərəb və  fars  istilalarına məruz qalmışdı. Bundan əlavə 70 il rusların əsarətinə məruz qalan xalqımızın dilinə yeni sözlər rus dilindən və rus dili vasitəsi ilə keçirdi. Artıq müstəqillik illərində dilimiz birbaşa mənbə dillərdən söz alır. Bu sözlər isə daha çox bütün dünyada işlək olan sözlərlə bağlıdır. Biz dünya dillərində ümumişlək olan sözləri lüğətimizə qatmaqla onu daha da zənginləşdiririk. Alınma sözləri lüğətimizə daxil edərkən müəyyən prinsiplər var ki, onlara mütləq əməl etməliyik. Lüğətlər hazırlanarkən əsasən üç prinsip nəzərə alınır: fonetik, morfoloji və tarixi-ənənəvi prinsip. Azərbaycan dilinin orfoqrafiya lüğəti hazırlanarkən fonetik prinsip, əsasən, alınma sözlərə şamil edilir. Digər  məsələ isə dildə alınma sözlərin tənzimlənməsi və dilimizin qaydalarına uyğunlaşdırılmasıdır. Bu proses dildə həmişə olub və indi də davam etməkdədir.  Həm internet jurnalistikasında, həm də gənclərimiz tərəfindən tez-tez işlədilən və yeni nəşr olunan orfoqrafiya lüğətimizə daxil edilən sözlərin düzgün yazılışının necə olması yəqin ki, gənclərimizə maraqlı olar. Bunu düşünərək bir neçə alınma sözün düzgün yazılışını göstərmək istədim.     Dilimizə son illər daxil olan “web-camera”, “wi-fi”, “whatsapp”, “twitter”, “word” və s. sözlərin doğru yazılışını bilmək üçün  ilk olaraq ingilis dilindəki "w" hərfinin dilimizdə necə yazılmasına diqqət etmək lazımdır. Son illər əcnəbi dillərdən dilimizə keçən bu cür sözlərin hamısının fonetik prinsipə əsasən yazılaraq leksikamıza əlavə edilib. Məsələn, “feysbuk”, “tvitter”, “sidi”, “sivi”, “vatsap”, “fləş”, “fləşkart”, “pleysteşn”, “vörd”, “vindous”, “fotoşop”, “avroviziya”, “skayp”, “sayt”, “instaqram”, “yutub”, “vayfay” və s.

Dilimizin yeni leksikasını təşkil edən bu alınma sözlər müəyyən ehtiyacın yaranması zərurətindən ədəbi dilə daxil edildi. Yeni texnologiyaların ixtirası ilə insanların həyatında baş verən müxtəlif dəyişikliklər nəticəsində əldə edilən neologizmlərin dilimizə  gətirilməsi  dilimizi zənginləşdirməklə yanaşı, həm də dünyada baş verən dəyişikliklərlə tanış olaraq sosiallaşmanın əsasını qoyur.
 

İlahə Allahverdiyeva

Naxçıvan Dövlət Universitetinin

“Jurnalistika" ixtisası üzrə II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: