Jurnalist tələbələrlə görüş keçirilib - FOTOLAR
Naxçıvan Televiziyası ilə Naxçıvan Dövlət Universitetinin birgə hazırladığı Tədbirlər Planına uyğun olaraq “Sosial şəbəkələr, informasiya təhlükəsizliyi və müasir durum” mövzusunda dəyirmi masa keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbiri universitetin “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva açıb. O, bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı Sərəncamlarla ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslar aid təşkilatlara hamiliyə verilib. Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası da “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin hamiliyinə verilib. Gələcəyin jurnalistləri mütəmadi olaraq televiziyada, “Şərq Qapısı” qəzetində və digər media mərkəzlərində olur, təcrübə toplayaraq, biliklərini təkmilləşdirirlər. Bu gün Naxçıvan mediasında 400-dən çox əməkdaş çalışır ki, onların da bir çoxu universitetin yetirməsidir.
Sosial şəbəkələr, informasiya təhlükəsizliyi və müasir durum” mövzusunda keçirilən dəyirmi masa müzakirələrlə davam edib. Naxçıvan Televiziyasının baş redaktorları Müzəffər Əsgərov, Fizzə Bağırova, Ruhiyyə Rəsulova, Nigar Məmmədli, Elnarə Heydərova, Nihad Bayramlı çıxış edərək diqqətə çatdırıblar ki, müasir dövrdə internet mediası və sosial şəbəkələr istənilən sahədə ictimai fikri yönləndirən əsas vasitəyə çevrilib. Sosial şəbəkələrdə yayılan məlumatlar qısa müddətdə böyük ictimai rəy formalaşdırır. Ona görə də jurnalistlər xüsusilə də gənclər sosial şəbəkələrin imkanlarından məqsədyönlü istifadə etməlidirlər. İctimaiyyətə çatdırılan hər bir informasiya dəqiq və əsaslı olmalıdır. Jurnalist peşəkarlığının da əsas şərti elə budur.
Bildirilib ki, sosial şəbəkələrin və sosial medianın inkişafı informasiya mübadiləsində yeni imkanlarla yanaşı, informasiya təhlükəsizliyi sahəsində yeni təhdidlər də yarada bilər. Bununla belə, muxtar respublika əhalisinin, xüsusən də sosial media istifadəçiləri arasında çoxluq təşkil edən gənclərin təhsil səviyyəsinin kifayət qədər yüksək olması, dayanıqlı sosial statusları həmin şəbəkələrdən səmərəli istifadəyə şərait yaradır. Bu gün muxtar respublikanın mətbuat orqanlarının, informasiya agentliyinin saytları və sosial şəbəkə hesabları dünyanın 140 ölkəsindən izlənilir və oxunur. Bu da müstəqillik illərində əldə olunan ən böyük uğurlardan biridir.
Universitetin müəllimi, jurnalist Səməd Canbaxşiyev bildirib ki, universitetin media mərkəzi imkan verir ki, tələbələr özlərini jurnalistika sahəsində sınasınlar və təcrübə toplasınlar. Mərkəzin maddi texniki bazası möhkəmləndirilib, bütün lazımi avadanlıqlar, ötürücülər istifadəyə verilib. Tələbələrin iştirakı ilə burada verilişlər, xəbər, videoçarx və sənədli filmlər hazırlanaraq təqdim olunur.
Diskussiya şəklində keçən tədbirdə tələbələrin suallarına da aydınlıq gətirilib, onlara müxtəlif mövzularda tövsiyələr verilib.
Qeyd edək ki, dəyirmi masa Naxçıvan Televiziyası ilə Naxçıvan Dövlət Universitetinin birgə hazırladığı Tədbirlər Planına uyğun olaraq keçirilib. Bu cür görüşlərin keçirilməsi bundan sonra da davam etdiriləcək.
Turab Hacızadə