“Naxçıvan” Universitetində keçirilən konfrans Aşıq Ələsgərin zəngin yaradıcılığına həsr edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetində “Aşıq Ələsgər - 200” adlı elmi-bədii konfrans keçirilib.

Konfransda universitetin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, Ölkə başçısının müvafiq sərəncamı ilə bu il ölkəmizdə 200 illik yubileyi geniş qeyd edilən Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, onun xalqın ruhu ilə həmahəng əsərləri Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib. 

"Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi milli-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə xüsusi həssaslıqla yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır", - deyən rektor qeyd edib ki, məhz ulu öndərimizin təşəbbüsü ilə sənətkarın yubileyləri dövlət səviyyəsində qeyd edilib. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilib, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılıb.

Konfransda professor Sədaqət Həsənova “Aşıq Ələsgərin dil-üslub xüsusiyyətləri”, dosent Əli Həşimli “Aşıq Ələsgər və yazılı ədəbiyyatda folklor ənənələri”, dosent Qənirə Əsgərova “Aşıq Ələsgər yaradıcılığında frazeoloji birləşmələrin rolu” və dosent Arifə Zeynalova “Söz sərrafı Aşıq Ələsgərin leksikası” mövzularında çıxış ediblər.

Konfransın bədii hissəsində isə aşığın yaradıcılığından nümunələr səsləndirilib.

Səriyyə Alməmmədova

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: