Ali təhsil ocağında Memarlıq və Robototexnika üzrə sərgi keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Memarlıq və mühəndislik fakültəsində Memarlıq və robototexnika üzrə açılan sərgidə rektor Elbrus İsayev fakültədə yeni yaradılan Robototexnika kabinəsinin uğurlu fəaliyyətindən danışıb. Bildirilib ki, tələbələrin nəzəri biliklərinin praktiki olaraq həyata keçirilməsini nəzərdə tutan kabinə zəruri avadanlıqlarla təchiz olunub. Artıq fakültədə Qeyri səlis məntiq nəzəriyyəsi, Süni intellekt, Nanotexnologiya, Robototexnika, Mexatronika və Robototexnika kimi yeni seçmə fənlər tədris olunacaq.
Vurğulanıb ki, tələbələrin startap layihələrini də yerinə yetirmək üçün burada hər bir şərait yaradılıb. Təyin olunmuş layihələr əsasında tələbələrə proqramlaşdırma və elektronika üzrə kurslar təşkil olunur. Sonda isə tələbələr qazandığı bilik və bacarıqlar sayəsində müxtəlif robotik sistemlər hazırlaya biləcəklər ki, bu da gələcəkdə elm və texnikanın müxtəlif sahələrinə öz töhfəsini verəcəkdir.
Sonra 15 eskiz, 20 memarlıq layihəsi, 20 xalçaçılıq ornomentlərinə dair əl işinin təqdim olunduğu sərgiyə baxış olub. Sərgi müəllim və tələbələrin birgə ərsəyə gətirdikləri əl işlərindən ibarət olub.
Müxtəlif binaların eskizləri, hazır maketlər, birmərtəbəli, ikimərtəbəli, çoxmərtəbəli binaların layihəsi, fakültənin gələcəkdə qurulması nəzərdə tutulan binasının da eskiz layihəsi nümayiş olunub.
Qeyd edək ki, sərgidə, həmçinin muxtar respublikada tikintisi həyata keçirilən qəbul edilən layihələr də yer alıb, tələbələrin hazırladıqları müxtəlif maketlərlə yanaşı, robototexnika sahəsinə dair 20-yə yaxın iş təqdim edilib.
Sonda rektor Memarlıq və Robototexnika üzrə sərgidə əsərləri təqdim olunan müəllim və tələbələri diplomla, bir qrup müəllimi isə keçdikləri nümunəvi dərslərə görə təşəkkürnamə ilə təltif edib.