NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan Muxtar Respublikasının mineral suyu-Badamlı” mövzusunda baş tutan konfrans AMEA Naxçıvan Bölməsi tərəfindən təşkil olunub.
“Tərkibindəki bir sıra mikroelementlərə görə qiymətli təbii müalicə vasitəsi hesab edilən “Badamlı” mineral suyu immunitetin zəifləməsi, tez-tez infeksiyalara yoluxma, müxtəlif orqanların, o cümlədən dərinin iltihabi proseslərinə qarşı yüksək effektiv əhəmiyyət daşıyır”,-deyən Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Tofiq Əliyev bildirib ki, muxtar respublikanın dünyaca tanınmış brendinə çevrilən “Badamlı”, həmçinin tərkibindəki sink elementinə görə ürək xəstəlikləri, xərçəng, artritlər, diabet, mədə yarası, bronxial-astma, pnevmoniyalar, brusellyoz xəstəliyi zamanı da faydalıdır.
Konfransda AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun əməkdaşlarından kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovanın “Naxçıvan Muxtar Respublikasının mineral suları”, kiçik elmi işçi İlahə Seyidovanın “Mineral suların yayılma xüsusiyyətləri”, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynovun “Mineral suların fiziki-kimyəvi xüsusiyyətləri”, kimya üzrə fəlsəfə doktoru, dosent Aliyə Rzayevanın “Mineral suların müalicəvi əhəmiyyəti” və “Badamlı” MMC-nin laboratoriya müdiri Ziyafət Məmmədov “Badamlı zavodun yaranma tarixi və inkişafı” mövzularında çıxışları dinlənilib.
Sonda konfrans iştirakçıları Badamlı mineral sular zavodu ilə tanış olublar. Məlumat verilib ki, “Badamlı” mineral suyunun ikinci dəfə sənaye üsulu ilə istehsalına 2009-cu ildə Naxçıvan şəhərində başlanılıb. Xarici bazarda bu süfrə suyuna tələbatın artması ilə əlaqədar olaraq Badamlı qəsəbəsində, suyun mənbəyində əvvəlkindən daha böyük zavod inşa olunaraq ötən ilin may ayında istifadəyə verilib. Əvvəlki zavodda bulağın suyunun 40 faizindən istifadə olunurdusa, yeni zavod bu rəqəmi 100 faizə çatdırmağa imkan yaradıb. İstehsal prosesinin beynəlxalq standartların tələblərinə uyğun həyata keçirildiyi müəssisədə 14 çeşiddə qazlı və qazsız badamlı suları istehsal olunur. Müəssisənin məhsulları yerli bazarla yanaşı, Rusiya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Çin və İraq kimi ölkələrə də ixrac edilir.
Mədinə Rəhimli