Böyük və şərəfli yol keçmiş ali təhsil ocağı – Naxçıvan Dövlət Universiteti - Söz tələbə jurnalistlərindir

A- A A+

Azərbaycan ali məktəblər ailəsində özünəməxsus yeri və mövqeyi olan Naxçıvan Dövlət Universitetinin Pedaqoji İnstitut kimi 12 iyun 1972-ci il tarixli Azərbaycan SSR Nazirlər Sovetinin 214 №-li qərarı əsasında Naxçıvan MSSR Nazirlər Sovetinin 206 №-li qərarı ilə yaradılıbdır. 1972-ci ildən başlayaraq Naxçıvan Dövlət Pedaqoji İnstitutunda İbtidai təhsil pedaqogikası və metodikası, Fizika, Ümumi texniki fənləri, Əmək, Kimya, Biologiya ixtisasları üzrə müəllim hazırlanması üçün ayrıca yeni fakültələr açılıbdır. 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda 14 kafedra fəaliyyət göstərib, əyani şöbədə 1338 nəfər, qiyabi şöbədə isə 616 nəfər tələbə təhsil alıbdır. Onların təlim-tərbiyəsi ilə 130 nəfər professor-müəllim heyəti məşğul olurdu. Onların içərisində elmlər doktorları, fəlsəfə doktorları və aspirant-müəllimlər fəaliyyət göstəribdir.  

29 dekabr 1990-cı il tarixli Azərbaycan SSR Nazirlər Sovetinin qərarına əsasən Naxçıvan Dövlət Pedaqoji İnstitutu Naxçıvan Dövlət Universitetinə çevrildi, 9 yanvar 1991-ci il Muxtar Respublika Nazirlər Sovetinin 07 №-li qərarı ilə Naxçıvan Muxtar Respublika Nazirlər Kabinetinin 360 saylı sərəncamı ilə Naxçıvan Dövlət Universitetində təsərrüfat hesablı ixtisas artırma və yenidən hazırlanma fakültəsinin açılması haqqında qərar qəbul edildi. Beləliklə, Azərbaycanın ən ucqar guşəsi olan Naxçıvanda elm, təhsil məbədgahı yarandı. Bu Naxçıvan Dövlət Universiteti idi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 12 iyun 2002-ci il tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinə yüksək özünüidarə statusu, muxtariyyət hüququ verilibdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müxtəlif vaxtlarda (1974, 1992 və 1999-cu illərdə) 4 dəfə Naxçıvan Dövlət Universitetində olub, burada etdiyi tarixi nitqlər, verdiyi tövsiyələr və tapşırıqlar, göstərdiyi qayğı, ölkədə və regionda ali təhsilin və elmin, o cümlədən Naxçıvan Dövlət Universitetinin inkişafında mühüm rol oynayıbdır. Akademik İ.Həbibbəyli yazır: “Azərbaycanın ali məktəbləri içərisində özünəməxsus yeri və mövqeyi olan Naxçıvan Dövlət Universitetinin formalaşması və inkişafında görkəmli dövlət xadimi Heydər Əliyevin böyük və əvəzsiz xidmətləri olmuşdur. Bu ali təhsil ocağı özünün müxtəlif mərhələlərdəki bütün inkişaf və tərəqqisi üçün məhz Heydər Əliyevə borclu və minnətdardır”

Görkəmli dövlət xadimi Heydər Əliyevin 12 noyabr 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyində iştirakı və nitqi, müstəqillik dövrü Azərbaycan ali məktəbinin proqramı idi. 29 il bundan əvvəl deyilmiş aşağıdakı fikirlər bu gün üçün də aktual və müasir səslənir:

“İndi Azərbaycan müstəqil bir dövlət kimi dünyanın hər bir ölkəsi ilə müstəqil əlaqə yaratmağa və bu əlaqələrdən öz ölkəsinin gələcək inkişafı üçün istifadə etməyə malik olan bir dövlətdir. Bu baxımdan Naxçıvan Dövlət Universiteti indi sərbəst bir ali məktəbdir. Onun Azərbaycanın bütün ali məktəbləri ilə əlaqələri inkişaf etdirməyə daha da əlverişli şərait var və eyni zamanda dünyanın bütün ölkələri ilə, orada olan bütün ali məktəblər ilə, elm mərkəzləri ilə, elm ocaqları ilə əlaqə saxlamağa imkanları vardır. Çox yaxşı haldır ki, bu sahədə müəyyən addımlar atılıb. Artıq bundan sonra sizin hazırlayacağınız ali təhsilli kadrlar gərək daha yüksək kriteriyalara, yüksək tələblərə uyğun olsunlar, indi artıq siz keçmiş sovetlər ittifaqının çərçivəsində olan yox, bütün təcrübəsini gərək mənimsəyəsiniz, ondan səmərəli istifadə edəsiniz və ali təhsil işinin təşkilini daha müasir səviyyədə qura biləsiniz”.

Naxçıvan Dövlət Universiteti yarıməsrlik bir tarixdə, elm və təhsil mərkəzi kimi şöhrət qazanıb, dövlətçilikdə, iqtisadiyyatda, elm, maarif və mədəniyyətin inkişafında mühüm yer tutubdur. Ölkə Prezidenti cənab İlham Əliyev Naxçıvan Dövlət Universitetinin fəaliyyəti haqqında deyibdir: “Naxçıvan Dövlət Universiteti böyük və şərəfli yol keçmişdir. Mən şadam ki, universitet çox sürətlə inkişaf edir, burada çox böyük işlər görülür. Universitet dünyanın aparıcı ali məktəbləri ilə çox yaxşı işgüzar əlaqələr yarada bilibdir. Burada müxtəlif ölkələrdən tələbələr oxuyur. Bu da onu göstərir ki, Naxçıvan Dövlət Universitetinin nüfuzu dünyada kifayət qədər yüksək səviyyədədir”.

Muxtar respublikada aparılan quruculuq işləri bu universiteti də əhatə edib, son illər tədris korpusları, Sosial Xidmət Mərkəzi, Xəstəxana, Olimpiya idman mərkəzi, Baytarlıq təbabəti və Tələbə evi istifadəyə verilib, böyük bir ərazidə müasir “Universitet şəhərciyi” salınıbdır. Naxçıvan Dövlət Universitetində informasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq olunub, elektron idarəetmə və tədris sistemi istifadəyə verilib, kadr hazırlığına diqqət artırılıb, yeni fakültələr və ixtisaslar açılıbdır. Universitetdə dissertasiya şurasının fəaliyyət göstərməsi muxtar respublikada ali təhsillə yanaşı, elmi potensialın da inkişafına əhəmiyyətli təsir göstəribdir. Ali Məclisin Sədri deyib: “Bu gün qətiyyətlə demək olar ki, Naxçıvan Dövlət Universitetinin keçdiyi yol zəngin maarifçilik ənənələrinə malik olan Naxçıvan Muxtar Respublikasında təhsilin yeni inkişaf tarixidir. Universitet muxtar respublikada ali təhsil sisteminin inkişafı ilə yanaşı, milli şüurun formalaşmasında, gənclərin vətənpərvərlik tərbiyəsində də mühüm xidmətlər göstərmiş, burada peşəkar milli kadrlar hazırlanmışdır”.

“Naxçıvan Dövlət Universitetinin ötən 50 ildə qazandığı təcrübə, elmi potensial və yaradılan tədris imkanları bizim sərvətimizdir”, - deyən Ali Məclisin Sədri bu sərvətdən səmərəli istifadə edilərək ölkəmizin və xalqımızın bu günü və sabahı üçün layiqli vətəndaşlar hazırlanacağına əminliyini bildirib.

Bu gün bir gənc, bir tələbə olaraq qürurla, başımı dik tutaraq, ucadan səslənərək deyə bilirəm ki, universitetimiz dünyaya inteqrasiya edən ali təhsil ocaqlarından biridir. Burada güclü maddi-texniki baza, elektron sənəd dövriyyəsi, elektron təhsil şəbəkəsi yaradılıb, imtahanlar elektron qaydada keçirilir. Universitetdə bütün ərazini əhatə edən Wi-Fi simsiz internet sistemi mövcuddur. Naxçıvan Dövlət Universitetindəki Televiziya studiyası, “Nuhçıxan” radiosu, teatr studiyası, rəqs və vokal qrupları, xor kollektivləri burada mədəni mühitin inkişafına xidmət edir. Naxçıvan Dövlət Universiteti dünyanın dörd qitəsində 50-dən çox universitetlə əməkdaşlıq müqavilələri imzalayıbdır. Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər təşkilatının (AKTAM) Azərbaycan  Respublikası Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirdiyi “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsində Naxçivan Dövlət Universiteti 799 balla Azərbaycan ali təhsil müəssisələri içərisində birinci yerə layiq görülübdür. Universitetimizin inkişafını xarakterizə edən amillərdən biri də ilbəil sayı artan və maddi-texniki bazası zənginləşdirilən tədris binalarıdır. Belə binaların sırasına son dövrlərdə daha biri- “Xarici dillər” fakültəsi də əlavə olundu. Müəllim və tələbələrin istifadəsinə verilən tədris binasında ən müasir texniki avadanlıqlar və tədrisə köməkçi vəsaitlərlə zənginləşdirilmiş müxtəlif təyinatlı otaq və tədris kabinələri yaradılıbdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə təməli qoyulan “Startap Naxçıvan” hərəkatı isə Naxçıvan Dövlət Universitetində də müasir təfəkkürlü peşəkar mütəxəssis hazırlığına, tələbə-gənclərdə innovativ ideyaların üzə çıxarılmasına, yaradıcı düşüncənin inkişafına xidmət edəcək.

Onu da vurğulamaq yerinə düşər ki, Naxçıvan Dövlət Universiteti Azərbaycan ali təhsil sistemində sinxron tərcümə mərkəzi olan ilk universitetdir. 4 dekabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanan Sərəncamla Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması nəzərdə tutulubdur. Bu, əlamətdar tənzimləmə universitetin qarşıdakı dövrlərdə keyfiyyət göstəricilərinin daha da artmasına təkan olmaqla yanaşı, eyni zamanda ümumilikdə muxtar respublikanın təhsil sahəsindəki nailiyyətlərini artıracaq. Ali təhsil ocağının “Texnologiya mərkəzi”ndə, İncəsənət fakültəsində təşkil edilən dərnəklərdə tələbələrin müxtəlif peşə vərdişlərinə cəlb olunması, həmçinin müvafiq ixtisaslar üzrə təcrübi bacarıqlarının qiymətləndirilməsi bizi sevindirir. Naxçıvan Dövlət Universitetində əcnəbi və Azərbaycanın digər rayonlarından olan tələbələrə müqəddəs Ramazan ayı münasibətilə ərzaq payı təqdim olunub. Bu universitet rəhbərliyinin tələbələrə öz övladları kimi baxdığının bariz nümunəsidir.

Naxçıvan Dövlət Universitetinin ndu.edu.az saytına müraciət etməklə tələbələr Distant Təhsil Mərkəzinə qoşulmaq imkanına malikdirlər. Çoxfunksiyalı distant təhsil proqramında dərslər offlayn və onlayn rejimdə tədris olunur. Keçirilən dərslərin yaxşı mənimsənilməsi üçün elektron kitabxana portalı fəaliyyət göstərir.

Universitetimiz idarəçilik sistemində yeni islahatların tətbiqi ilə son iki ildə daha da inkişaf edib. Hər şey biz tələbələrin könlüncədir. Sonda bir məsələni qeyd etmək istəyirəm ki, Naxçıvan Dövlət Universiteti bu analoqu olmayan inkişafa Naxçıvanın blokada şəraitində olduğu bir vaxtlarda çatıb. Ali Məclis Sədrinin qeyd etdiyi kimi: yol düzgün seçiləndə istənilən inkişafa, məqsədə nail olmaq olar. Uğurlar, doğma Universitet!

Hüseyn Məmmədov

Naxçıvan Dövlət Universiteti

“Riyaziyyat müəllimliyi” ixtisasının IV kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: