“Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” ilə bağlı seminara 37 dövlət orqanını nümayəndəsi cəlb edilib
Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu sahəsinin inkişafı üçün əlverişli imkanlar yaradılıb. Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu barədə seminarda İsmayıl Qəribli danışıb. Mərkəzin sədri bildirib ki, bu gün Dövlət orqanlarının maddi-texniki bazası gücləndirilib, dövlət qulluqçularının fəaliyyəti üçün lazımi iş şəraiti yaradılıb, müasir tələblərə cavab verən dövlət qulluğu sistemi formalaşdırılıb.
İsmayıl Qəribli bildirib ki, əvvəlki qaydalardan fərqli olaraq hazırda dövlət qulluqçusu ilin əvvəlində qoyulmuş tapşırıqlar, peşə fəaliyyəti zamanı və iş prosesində bacarıqlarını dəyərləndirmək üçün əsas götürülən meyarlar və əmək intizamına əməl etmə vəziyyətinə əsasən qiymətləndirilir. Qiymətləndirilmənin nəticəsinə əsasən dövlət qulluqçusu dövlət orqanının rəhbəri tərəfindən mükafatlandırıla, dövlət qulluqçusuna vaxtından əvvəl ixtisas dərəcəsi verilə və ya aşağı inzibati vəzifəyə keçirilə bilər.
Daha sonra Dövlət İmtahan Mərkəzinin baş məsləhətçisi Məmməd Babayev slayd vasitəsi ilə dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin yeni qaydaları haqqında seminar iştirakçılarına ətraflı məlumat verib.
Seminarın sonunda müzakirə aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, iki seansda keçirilən seminarda ümumilikdə 37 dövlət orqanını təmsil edən nümayəndələr iştirak edib