Tarixi qoynunda yaşadan diyar - Ordubad - FOTOLAR
Vətəni sevmək azdır, onu qorumaq gərək. Vətənim demək azdır, Vətənin olmaq gərək!
Bütöv, müstəqil, ayrılmaz və doğma Vətənim. Hər bir insana doğulub boya-başa çatdığı öz yurdu daha əzizdir. Mən də dünyaya göz açdığım, uşaqlıq illərimi keçirdiyim, hər daşı-qayası tarix qoxan Ordubaddan yazmaq istəyirəm. Hər qarışı doğma, əziz olan, tarixin ən canlı şahidlərindən olan, Ulu Öndərin “Azərbaycanın incisi” statusunu ən qiymətli zinəti kimi illərdir qoruyub saxlayan Ordubaddan necə yazmaya bilərəm?
Yəqin ki, çoxlarımız getmişik bu əsrarəngiz tarixi məkana. Diqqət ediləsi o qədər yerləri var ki, hansı birindən danışım sizə? Dörd fəsli öz qoynunda mühafizə edən, buz bulaqlı, çiçəkli qız Göy göldən, Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biri Gəmiqaya petroqliflərindən, tarixi-mədəniyyət abidələrindən, barlı bağlarından, “Narzan” bulaqlarından, təbiətin ən gözəl mənzərələrini özündə cəmləşdirən yaşıllıqlarından, əzəmətli dağlarından və bir də söhbətinə doyulmayan səmimi, qonaqpərvər insanlarından? Tanrının bu yurd yerindən əsirgəmədiyi gözəlliklərdən yazmağa bir ömür yetməz...
Rastlaşdığım insanlarla söhbət zamanı Ordubad adı çəkiləndə mütləq bu sözləri duyuram- “necə qonaqpərvər insanları var, hansı qapıya getdik, çay təklif etmədən ötürmədilər”. Hə, bir də bu məşhur deyim gəzir dillərdə “Ordubadlılar demişkən - aclığın var, çay iç”. Bu fikrə aydınlıq gətirmək istəyirəm. Uzun yol gəldikdə təbii haldır ki, öncə susuzluq hiss edirik. Bu ehtiyacı qarşılamaq üçün isə çay təklif edilir. Bu məsələnin bir tərəfi, digər bir məqam isə çay süfrəsinə düzülən nazü -nemətlərdir. Burada əsas məqsəd qonağı, necə deyərlər, razı yola salmaqdır. Ən əziz tikəsini qonağa saxlayan, ruzinin qonağın ayağında gəldiyini düşünən bu səmimi insanlar var gücü ilə qonağın qulluğunda dururlar. Qarşılıqsız paylaşmağı mən həmin insanlardan öyrəndim. Düzdür, ordubadlılar pay verilən qabı boş qaytarmaz, amma bu rəmzi məna daşıyır.
Siz bu diyarda küçələrdə, nəqliyyatda qarşılaşdığınız insanların çöhrəsində daim təbəssüm görərsiniz. Axı qarşı tərəfə verə biləcəyimiz ən gözəl hədiyyə səmimi gülüşdür. Üzü gülür yurdum insanının. 1 fincan çayın 40 il xətrini saxlayır. Çay demişkən, ordubadlıların bu məşhur deyimi gəlir ağlıma - “Gedək çay içək”. Bu cümlə elə bir səmimiyyətlə deyilir ki, o çayı içməmək qeyri-mümkündür. Bu zaman edilən şirin, səmimi söhbətlərdən isə doymaq olmur.
Tarixi qoynunda yaşadan diyar
Gəlin bu yurdun gözəlliklərinə nəzər salaq. Naxçıvan şəhərindən 75 km aralı məsafədə yerləşən rayon mərkəzinə gedən geniş və rahat yolda irəlilədikcə bütün problemləri sanki bir anlıq unudur insan. Dağların, qayalıqların əhatəsində abad kəndlərin kənarından keçdikcə bir daha yaxşı ki, bu diyarda doğulmuşam deməyim gəlir. Budur, artıq gündən-günə övladlarını daha da sıx bağrına basan müasir-tarixi məkandasan. "Ambaras”dan, “Kürdatal”dan, “Mingis”dən, “Sərşəhər”dən keçdikcə taqqılbablı, zəncilbablı qapılar sanki dili olsa tarixi bizə danışacaqmış kimi durur. Yol boyu irəlilədikcə sərin sulu kəhrizlər ürəyimizə sərinlik gətirir sanki.
Şəhəri gəzən zaman Qeysəriyyə Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edən qonaqlar qədim yurd yerinin tarixinə şahidlik edir. Muzeydən çıxan qonaqları yüksək qonaqpərvərliklə qarşılayan “Dübəndi” Ailəvi İstirahət Məkanı yaz gələndən bəri qonaqlı-qaralı olur. Yurda qədəm qoyan hər kəsi ən gözəl nemətlərlə qarşılayır və öz mənzərəsi ilə qonaqları heyran edir. Bu məkanda Ordubad mətbəxinin gözəl nemətləri, mürəbbə və limonlu çaydan qonaqlar xüsusi zövq alır.
Tarix əlibol davranıb bu diyara, amma mühüm olan tariximizi qorumaqdır. Yaradanın bəxş etdiyi gözəllikləri qoruyub saxlamaq isə bizə düşür. Etiraf etmək lazımdır ki, bu qədər gözəlliyi mühafizə etmək asan iş deyil, bununla yanaşı yeni binaların tikilib istifadəyə verilməsi Ordubadda gedən quruculuq işlərinin dinamik inkişafının göstəricisidir.
Yazmaqla bitməz yurd sevgisi, amma öz elimi-obamı bu şəkildə tərənnüm etmək mənim üçün ən yaxşı seçimdir. Bəli, torpaq, vətən sevgisi damarında azərbaycanlı qanı axan hər bir kəs üçün ülvidir. Yeri gəldikdə bir yumruq kimi birləşib doğma diyarının keşiyində dayanan övladları var bu Vətənin. Bizə nəfəs verən anamızla eyni adı daşıyır- Ana Vətən. Öz anamız qədər əziz və bir körpə uşaq qədər ehtiyacımız var bu Vətənə.
Fəxriyyə Səyyadova
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı