Badamlı – yurdumun gözəl neməti - Söz tələbə jurnalistlərindir

A- A A+

Bəşər sivilizasiyasının mədəniyyət ocağı olan Naxçıvanımız özünəməxsus təbiət gözəllikləri, zəngin flora və faunası ilə bu yurdun seyrinə gələnləri daim özünə heyran qoyur. Diyarımızın bağ-bağatlarında yetişən meyvələri, münbit torpaqlarında boy verən bitkiləri, ucu şişpapaqlı dağlarının bağrını yara-yara qaynayıb çağlayan buz bulaqları can dərmanıdır. Ekoloji saf məhsulları, gəzib görməli yerləri, təmiz havası olan bu məkan bütün fəsillərdə bar-bəhrələrini, dillər əzbəri olan nemətlərini üzə çıxarır. Həmin nemətlər sırasında dünyanın hər yerində məşhur olan, insanlara unudulmaz damaq dadı bəxş edən mineral bulaqlarının adı da tez-tez çəkilir.

Qarşıdan gələn isti yay günləri sözsüz ki, insanların sərin sulara olan tələbatını da artırır. Belə bir vaxtda diyarımızın mineral bulaqları insan zəhməti ilə qablaşdırılaraq ekoloji təmiz məhsul kimi süfrələrimizin əvəzolunmaz nemətinə çevrilir. Bugünkü söhbətimiz də diyarımızın brend məhsullarından olan Badamlı mineral suyu haqqındadır.

Ölməz sənətkarımız Rəşid Behbudov “Badamlı” ifasında “Badamlı – nə sərin! Badamlı – nə şirin! Badamlı – adı var! Badamlı – dadı var!” misralarını dillər əzbəri etməklə ürəyimizə sərinlik, könlümüzə xoş ovqat gətirmiş, yurdumuzun bu əvəzsiz nemətini “Badamlı məzəli, süfrələr gözəli” deyib tərənnüm edibdi. Bu gün isə həmin nemət adıyla-dadıyla dünyanın hər yerində diyarımızın zəngin təbiətindən, ruzi-bərəkətindən xəbər verir.  

Məlumat üçün bildirək ki, 1945-1947-ci illərdə geologiya-minerologiya elmləri doktoru mərhum alim Əziz Əsgərovun rəhbərliyi altında Şahbuz rayonunun Badamlı qəsəbəsi ərazisində aparılan elmi-tədqiqat işlərinin nəticəsində “Badamlı” mineral bulağı aşkar edilib. Əziz Əsgərov suyun kəşfilə bağlı xatirələrində yazır “Müəyyən marşrut üzrə hərəkət edərkən hansısa çeşmənin yanında tədqiqat işlərinin aparılması üçün bəzi yardımçı əşyaları daşıyan ulağı suvarmaq istədim. Gördüm heyvan su içmədi. Suyun xoşagəlməz tamı var idi. Çeşmə boyu yuxarı gedib onun mənbəyini tapdım. Nümunədən başa düşdüm ki, bu qiymətli bulaqdır. Laborator analizlər də bunu təsdiq etdi. Sevincimin həddi hüdudu yox idi.”

1947-ci ildə burada kiçik müəssisə yaradılaraq ilk dəfə əl üsulu ilə suyun istehsalına başlanılıb. Zaman keçdikcə Badamlının dillər əzbəri olan dadı diyarımızın hər yerinə yayılıb və xeyli sayda insanı özünə cəlb edibdir. Bu şəfalı suyun sorağına gələnlər həm burada çalışıb öz halal ruzilərini qazanıb, həm də özlərinə yeni evlər tikib, yaşayış məskənləri salıblar. Müəssisənin fəaliyyəti ¬genişləndikcə burada yaşayanların da sayı artıb. 1961-1967-ci illər ərzində həmin müəssisədə işləyənlər üçün 6 yaşayış binası da inşa olunub. Beləliklə bu yaşayış yerləri genişlənərək, burada yaşayan insanların sayı artaraq Badamlı suyunun şərəfinə eyniadlı indiki Badamlı qəsəbəsi yaranıb.

Ötən əsrin 90-cı illərində hər sahədə olan durğunluq, gerilik, iqtisadi sahədə də özünü bariz şəkildə göstərirdi. Böhranın ağır məngənəsində olan Naxçıvanımızda quru yolunun olmaması, bədxah düşmənlərimiz ermənilərin ərazi iddiaları yurdumuzun iqtisadiyyatına öz mənfi təsirini göstərirdi. Bunun nəticəsi idi ki, zəngin və faydalı tərkibi ilə fərqlənən “Badamlı” suyunun Keçmiş Sovet İttifaqı dövründə 15 müttəfiq respublikaya satılaraq alıcılar tərəfindən böyük rəğbət qazanmasına, qısa zamanda bu qədər məhşur olmasına,  satışının artmasına baxmayaraq 90-cı illərdə sovet ittifaqı dağıldıqdan sonra bazar iqdisadiyyatına keçid və dövrün çətin prosesləri ilə əlaqədar yaranan çətinliklərə görə ixracı dayandırıldı.

Bu da bir faktdır ki, ötən əsrin 80-ci illərində “Badamlı”, “Sirab”, “Vayxır”, “Darıdağ”, “Nəhəcir”, “Gülüstan” mineral suları ölkəmizin tələbatını ödəməklə yanaşı, bu məhsulların 60 faizi yaxın-uzaq ölkələrə ixrac edilirdi. 1980-ci ildə istehsal olunmuş 134 milyon butulka suyun 80 milyonu SSRİ-nin 150-dən çox şəhərinə göndərilmişdi. 1970-1980-ci illərdə “Badamlı” istehsalı müəssisəsi tamamilə müasirləşdirildikdən sonra burada qablaşdırılan suyun 90 faizi respublikamızdan kənara aparılırdı.

Ümumilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə onlarla fabrik, zavod, kombinat, məktəb, məktəbəqədər müəssisələr, kənd təsərrüfatı təyinatlı obyektlər, ticarət, məişət, sosial-mədəni müəssisələr kimi “Badamlı” mineral suyu, o cümlədən digər mineral su zavodları da bu uğurlu inkişafdan öz bəhrəsin aldı. 

Badamlı özündə insan sağlamlığı üçün faydalı olan bir çox elementləri birləşdirir. Suyun tərkibində yod, brom, mis, borat turşusu vardır. “Badamlı” iştahanı artıran, həzm prosesini yaxşılaşdıran, susuzluğu yatıran gözəl süfrə suyu kimi məşhurdur. Bu su mədə-bağırsaq, qaraciyər və öd kisəsi xəstəliklərinə qarşı müalicədə xeyirlidir. Bu elə bir dəyərdir ki, istifadə edildiyi təqdirdə insanın günlük mineral ehtiyacının əhəmiyyətli bir hissəsini qarşılayır. Bununla yanaşı, uzun müddətli istifadə zamanı orqanizmdə mineral artıqlığı yaratmır. Onun tərkibi Rusiyanın Kislovodsk şəhərindəki “Narzan” mineral suyu ilə də eynidir. 

Hazırda “Badamlı” suları “Badamlı Mineral Sular” MMC tərəfindən Avropada və dünyada qəbul edilən ən yüksək texnologiyaların tətbiqi əsasında, qapalı şəraitdə insan təması olmadan qablaşdırılır. Müəssisədə həyata keçirilən doldurma prosesi Fransanın “Sidel” firmasının istehsalı olan avadanlıqlar vasitəsilə həyata keçirilir. Bununla yanaşı müəssisədə Almaniya və ABŞ istehsalı olan müasir avadanlıqlarla təmin edilmiş xüsusi laboratoriya qurulub. Laboratoriyada isə suyun keyfiyyətinə mütəmadi nəzarət olunur, fiziki-kimyəvi, mikrobioloji və orqanoleptik analizlər aparılır.  

Badamlı qazlı-qazsız olmaqla 9 ayrı həcmdə - 300 ml və 600 ml şüşə butulkalarda, 300 ml, 500 ml, 1000 ml və 1500 ml PET butulkalarda, 5 l, 10 l və 19 l damacan qablaşmalarda istehsal olunur. Qazlı sularda ümumi minerallıq 400-500 mq/litr təşkil edir. 2020-ci ildən etibarən isə Badamlı qəsəbəsində zavodun yeni binası tikilərək istifadəyə verilib. 70 işçi heyətinin çalışdığı zavodda günlük istehsal potensialı 500.000 şərti butulka təşkil edir. 

Hazırda Bu mineral süfrə suyu Rusiya, Çin, BƏƏ, İraq, Qazağıstan kimi bir çox ölkələrdə də alıcılara unudulmaz damaq dadı bəxş edir. 

Bir anlıq bu yurdun nemətlərini göz önünə gətirdiyimizdə istər istəməz bir fikir adamın ağlından keçir - “Ana təbiət bu yurddan heç bir varını əsirgəməyib”. Əslində, Uca Yaradan bu diyarın insanlarına ruzisini özündən əvvəl verib. Bu yurda elə səxavətli naz-nemətlər bəxş edib ki, hər tikəsi, hər damlası insan üçün unudulmaz damaq dadı, can dərmanıdır. İçin yurdumuzun Sirabından, Badamlısından, Narzanından, Darıdağından, için ki, ürəyiniz sərin, canınız sağlam olsun. 

Məcid Əkbərov
Naxçıvan Dövlət Universiteti
 “Jurnalistika” ixtisası üzrə II kurs tələbəsi

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: