Naxçıvanda STEAM Təlim Tədris Mərkəzi yaradılacaq - VİDEO
Yeniyetmə və gənclərin dövrün tələblərinə uyğun təhsil alması və müasir texnologiyanı tam mənimsəməsi məqsədilə yeni təhsil metodları da hazırlanır. Bunlardan biri də dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan və dünya təhsil sistemində əsaslı yer tutan STEAM təhsil metodudur.
Müasir təhsildə mütəxəssis hazırlığının əsas istiqamət kimi götürüldüyü STEAM metodlarının Naxçıvan şəhərində tətbiqinə 2020-ci ildən başlanılıb. 2020-2021-ci tədris ilindən etibarən isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təhsil metodunun tətbiqinə start verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri iyunun 7-də “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən mütərəqqi təhsil metodu kimi əhəmiyyətini nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılacaq, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ümumtəhsil məktəblərində STEAM kabinələrinin yaradılmasını və hər il “STEAM təhsil festivalı”nın keçirilməsini təmin edəcək.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Ərhan Novruzov