NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə “Sabahın tədqiqatçıları” layihəsinin yekunu tədbiri keçirilib.
Təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, 2019-2020-ci tədris ilindən tətbiq edilən layihə çərçivəsində ötən dövr ərzində Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəbindən xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər AMEA Naxçıvan bölməsinin alimləri tərəfindən elmi himayəyə götürülüb. Şagirdlərlə birgə laboratoriyalarda tədqiqatlar aparılıb, məruzə, tezis, referat və hesabatlar hazırlanıb. Bu günədək ümumilikdə 50 elmi rəhbərin və 95 şagirdin iştirakı ilə Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyətli olan 53 layihə üzrə tədqiqatlar aparılıb. Nazir qeyd edib ki, şagirdlərin tədqiqatçılıq bacarıqlarını inkişaf etdirməyə, onların müstəqil axtarışlara cəlb edilməsinə böyük töhfə olan “Sabahın tədqiqatçıları” layihəsinin növbəti tədris ilində də tətbiq edilməsi nəzərdə tutulub.
Təhsil naziri təhsilə göstərdiyi diqqət və qayğıya görə tədbir iştirakçıları, o cümlədən bütün təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib, “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçılarını tədris ili ərzində qazandıqları uğurlara görə təbrik edib.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Sabahın tədqiqatçıları” layihəsinin gənc nəsildə elmə marağın formalaşdırılmasında, innovativ biliklərin təkmilləşdirilməsində və təcrübəyə tətbiqində daşıdığı önəmindən danışıb.
Qeyd olunub ki, bu tədris ilində 23 elmi rəhbərin və 45 şagirdin iştirakı ilə 23 layihə işlənib hazırlanıb və 2 layihə üzrə işlər davam etməkdədir. Ümumilikdə layihə çərçivəsində beynəlxalq müsabiqələrdə 4 layihə I yerə, 3 layihə II yerə, 3 layihə 3-cü yerə layiq görülmüşdür.
Tədbirin sonunda layihə iştirakçılarına və onların elmi rəhbərlərinə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin diplomları təqdim olunub.
Şagirdləri muxtar respublika və ölkə səviyyəli yarışlarda uğur qazandığına görə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin kollektivinə, həmçinin “Sabahın tədqiqatçıları” layihəsinə verdiyi təşkilati dəstəyə görə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin kollektivinə Təhsil Nazirliyinin təşəkkürnaməsi verilib.