Naxçıvan məktəbliləri Hüseyn Cavid yaradıcılığına həsr olunmuş interaktiv dərsi dinləyib - FOTOLAR

A- A A+

AMEA Naxçıvan Bölməsində muxtar respublikadakı orta ümumtəhsil məktəblərinin şagirdləri üçün interaktiv dərs olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Hüseyn Cavid yaradıcılığında Şərq və Qərb” mövzulu dərsi Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova keçib.

Tədqiqatçı əvvəlcə Naxçıvan ədəbi mühitinin layiqli yetirməsi, ədəbiyyatımızda zəngin yaradıcılıq irsi ilə seçilən şair-dramaturq Hüseyn Cavidin həyatı, təhsil illəri, onun bir şəxsiyyət kimi formalaşmasında əməyi olan ziyalılar haqqında məlumat verib.  Dərs zamanı qeyd olunub ki, yaradıcılığa klassik üslubda yazılmış qəzəllərlə başlayan H.Cavid sonralar poemalar, dram əsərləri və başqa ədəbi nümunələri ilə şöhrət qazanıb. O, Şərq poeziyası, xalq-aşıq şeiri ilə bağlı olan bir çox bədii elementləri yaradıcılığında əks etdirməklə yanaşı, əsərlərində Avropa xalqlarının yaradıcılıqlarından gələn bir sıra ənənələrə də yer verirdi.

Hüseyn Cavidin ədəbiyyatımıza gətirdiyi yeniliklərdən bəhs edən alim bildirib ki, sonet, türkü və marşları da Azərbaycan şeirinə ilk dəfə Hüseyn Cavid gətirib, əsərlərində Şərq və Qərb ənənələrinin vəhdətini yaradıbdır. Onun yaradıcılığında fəlsəfi düşüncələrlə yanaşı, mövzu, süjet və janr yenilikləri də mövcuddur.

Mövzu ilə bağlı təhlillər aparan Nərgiz İsmayılova həm H.Cavid yaradıcılığından, həm də onun zəngin bədii irsindən ilhamlanaraq əsərlər yazan ədiblərdən nümunələr gətirib, ətraflı izahlar verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: