Ali təhsil ocağında gənc partiya üzvləri ilə görüş keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində 15 iyun - Milli Qurtuluş Günü münasibətilə gənc partiya üzvləri ilə görüş keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri, YAP Naxçıvan MR Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov muxtar respublikada gənclərə göstərilən yüksək dövlət qayğısından danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin gənclərə qayğısı bu gün ölkəmizdə və muxtar respublikada yeni mərhələdə davam etdirilir. Gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi, yüksək səviyyədə təhsil alması, cəmiyyətin müxtəlif sahələrində fəal iştirakının təmin edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.

Nazir qeyd edib ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı üzvlərinin 40,5 faizini gənclər təşkil edir. Yeni Azərbaycan Partiyasının üzvü olan gənclərdən 12 min 203-ü qadındır. Gənc üzvlərdən 13 min 731-i ali, 1840-ı orta ixtisas, 7 min 507-si orta təhsillidir. Gənc üzvlərdən 12-si fəlsəfə doktoru, 3 min 72-si isə tələbədir. Yeni Azərbaycan Partiyasının üzvü olan gənclər təhsil, səhiyyə, elm, mədəniyyət və incəsənət, idarəetmə, sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə və digər xidmət sahələrində çalışır.

Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, inkişaf tariximizə qızıl hərflərlə yazılmış, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik 15 İyun - Milli Qurtuluş Günü xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yazan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan ulu öndər olub. Təhsilə göstərilən yüksək diqqət və qayğıdan danışan rektor diqqətə çatdırıb ki, universitetdə yaradılan müasir tədris şəraiti gənclərin savadlı kadr kimi yetişməsində mühüm rola malikdir. Ali təhsil ocağında möhkəm təhsil bazasının formalaşdırılması bu gün gənclərin günün tələbləri səviyyəsində təhsil almalarına şərait yaradıb. Universitetdə həyata keçirilən yeniliklərdən danışan Elbrus İsayev yeni yaradılacaq Texnoparkın, müasir avadanlıqlarla təchiz edilən tədris binalarının, laboratoriyaların muxtar respublikanın ictimai-siyasi, mədəni həyatına mühüm töhfələr verən gənclərin yetişməsində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Yeni Azərbaycan Partiyası Naxçıvan Dövlət Universiteti Ərazi İlk Partiya təşkilatının sədri Arzu Abdullayev ulu öndərimizin tarixi missiyasından və Azərbaycan gəncliyinə verdiyi misilsiz xidmətlərdən danışıb. Bildirilib ki, ümummilli liderimizin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi islahatlar bu gün Azərbaycanın əsl inkişaf reallığını yaradıb.

Gənc partiya üzvü, ingilis dili üzrə I kurs magistrant Lalə Rzayeva gənclərin təhsili və gələcək karyerasına uğurlu addım atması üçün yaradılan geniş imkanlardan danışıb.

Tədbirdə ali təhsil ocağında yeni yaradılan Estrada orkestri konsert proqramı ilə çıxış edib. “Azərbaycan”, “Vətən savaşı”, “Sway”, “”Çırpınırdı Qara dəniz”, “Qaytağı”, “Məşəl kimi yanan ürək” və “İlhamla sabaha” ifaları alqışlarla qarşılanıb.

Tədbirin davamında Yeni Azərbaycan Partiyasına yeni üzv olan tələbələrə üzvlük vəsiqələri təqdim edilib.

Sonda universitetin ictimai və təhsil işlərində fərqlənən gənc partiya üzvləri Gənclər və İdman Nazirliyi tərəfindən diplom və hədiyyələrlə təltif ediliblər. 

Fəxriyyə Səyyadova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: