NMİ tələbələrinin sərgisi açıldı: “Naxçıvan abidələri rəngkarlıqda” - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sərgidə institutun Təbiət və incəsənət fakültəsinin təsviri incəsənət müəllimliyi ixtisası üzrə ikinci kursu başa vuran 18 tələbənin 20-dən artıq əl işi nümayiş etdirilib. Tələbələrin fırçalarında daha da canlanan qədim diyarımızın tarixi, memarlıq və mədəniyyət abidələri iştirakçıların marağını cəlb edib. Sərgi ilə tanışlıqdan əvvəl buradakı əl işlərinin müəllifləri olan tələbələrlə görüş keçirilib.
İnstitutun rektoru Azad Novruzov sərginin tələbələr arasında keçirilməsinin əhəmiyyətindən danışıb, onları təbrik edib. Bildirib ki, son illər Naxçıvan Muxtar Respublikasında 100-ə yaxın tarixi-memarlıq abidəsi əsaslı bərpa edilib. Sərginin məqsədi tələbələrin nəzəri biliklərini praktiki həyata keçirməklə yanaşı, həm də şəhər, rayon, qəsəbə və kəndlərimizdə qorunub saxlanılan, bu günə qədər yaşadılan və gələcək nəsillərə ərməğan edilən abidələri sərgiləyərək tanıtmaqdır.
Sərgidə gənclər muxtar respublikadakı məscidləri, qədim hamamları, məqbərələri və digər mədəniyyət, tarixi, memarlıq abidələrini fırçaları ilə təsvir ediblər.
Tədbir çərçivəsində sərgidə nümayiş etdirilən rəsm əsərlərinin qiymətləndirilməsi də aparılıb.
Ərhan Novruzov