Musiqi təhsili müəssisələrində çalışan müəllimlərin attestasiya imtahanlarının müsahibə mərhələsi başlayıb - FOTOLAR

176

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, musiqi təhsili müəssisələrində çalışan müəllimlərin attestasiya imtahanları test üsulu və müsahibə vasitəsi ilə iki mərhələdə həyata keçirilir.

Birinci mərhələdə müvəffəqiyyət qazanmış iştirakçılar müsahibə mərhələsində iştirak etmək hüququ əldə ediblər. Müsahibə mərhələsində müəllimə verilən tapşırıqların yerinə yetirilməsi üçün 30 dəqiqə vaxt ayrılır və müəllimin praktik hazırlığı, peşəkarlıq və ifaçılıq qabiliyyəti yoxlanılır.

Müsahibənin nəticələri balla qiymətləndirilir. Müsahibə komissiyası müəllimlərin ixtisas bacarığını müvafiq meyarlar üzrə 5 ballıq sistem əsasında qiymətləndirir. Müsahibədə 12 və ya daha çox bal toplamış müəllim bu mərhələdən keçmiş sayılır. Müsahibənin yekun nəticələri “Müəllimin qiymətləndirilməsinə dair yekun protokol”da öz əksini tapır.

Müəssisələrin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi və onların karyera inkişafı zamanı qiymətləndirilmənin nəticələri nəzərə alınacaq.

Qeyd edək ki, Müsahibənin keçirilməsi üçün Mədəniyyət Nazirliyindən 1, Dövlət İmtahan Mərkəzindən 1, muxtar respublikada fəaliyyət göstərən ali təhsilli müstəqil ekspert qismində 3 nəfər olmaqla, 5 üzvdən ibarət müsahibə komissiyası yaradılıb.

17-22 may tarixlərində keçirilən attestasiyanın test mərhələsində 516 müəllim iştirak edib. Naxçıvan Musiqi Kolleci üzrə 27, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri üzrə isə 383 müəllim olmaqla 410 nəfər müvafiq keçid balını toplayıb və müsahibədə iştirak etmək hüququ qazanıb.

Attestasiya və təkrar attestasiyada müvəffəqiyyət qazanmış dövlət musiqi təhsili müəssisələrinin müəllimləri üçün keçirilən müsahibə mərhələsi iyulun 1-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: