Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2021-2022-ci tədris ili üçün jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar üçün qabiliyyət imtahanı keçirilib
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, imtahan Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri nəzərə alınmaqla, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq xüsusi sosial izolyasiya qaydalarına riayət olunmaqla təşkil edilib.
Qabiliyyət imtahanı komissiyasının üzvləri, ilk növbədə, bakalavrların dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika janrları üzrə yazılarını nəzərdən keçirib və qiymətləndiriblər.
Daha sonra imtahan verən hər bir bakalavrın ümumi dünyagörüşü səviyyəsini, dünyada və ölkəmizdə cərəyan edən hadisələrdən və ictimai-siyasi proseslərdən xəbərdar olub-olmamasını, jurnalistikaya marağını, motivasiyasını, jurnalistika üzrə nəzəri biliklərini, KİV-lərlə tanışlığını, jurnalistikanın cəmiyyətdə rolunu başa düşməsini, jurnalistin peşə etikası qaydalarına bələdliyini və s. müəyyənləşdirmək məqsədilə təqdim edilmiş ədəbiyyat (mənbələr) çərçivəsində onlara müvafiq suallar verilib, müsahibənin gedişində komissiya üzvləri hər bir bakalavrın maraq dairəsini, erudisiyasını və ümumi mədəniyyət səviyyəsini, KİV-lərdən xəbərdar olmasını, publisistlərin yaradıcılığı ilə tanışlığını, seçdiyi peşənin xüsusiyyətlərini başa düşməsini, yaradıcı tapşırıqları həll etmək bacarığını, həmçinin müstəqil yaradıcı təfəkkür qabiliyyətini aşkara çıxaran suallar veriblər. Sualları cavablandırarkən və ya yazılı tapşırıqları yerinə yetirərkən bakalavrlar intellektual səviyyələrini, dünyagörüşlərini, jurnalistika sahəsində nəzəri və təcrübi biliklərini, ədəbi dili, dil və nitq normalarını bilmələrini nümayiş etdiriblər. Bakalavrların qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçərkən doldurduqları anket sorğusuna cavabları, o cümlədən “Koronavirus (COVID-19) pandemiyası dövründə əhalinin bu sahədə maarifləndirilməsində Azərbaycanın kütləvi informasiya vasitələrinin fəaliyyətini necə qiymətləndirirsiniz?” sualına 200-250 sözdən ibarət yazılı cavabları da komissiya üzvləri tərəfindən qiymətləndirilib. Qabiliyyət imtahanında hər bir bakalavra 45 dəqiqə vaxt ayrılıb.
Qabiliyyət imtahanında iştirak edən 27 nəfər bakalavrdan 23-ü “məqbul” qiymət alıb və jurnalistika üzrə 44 saylı proqrama aid magistratura ixtisaslaşmalarını seçmək hüququ qazanıb. DİM həmin bakalavrların nəzərinə çatdırır ki, onlar iyun ayı ərzində 44 saylı proqrama aid ixtisaslaşmaları seçib elektron ixtisaslaşma seçimi ərizəsinə daxil etməli və seçimlərini təsdiqləməlidirlər.
Qabiliyyət imtahanında uğur qazanan bakalavrlardan 20 nəfəri jurnalistika ixtisasını, 3 nəfəri isə kitabşünaslıq, xarici dil və ədəbiyyat müəllimliyi və regionşünaslıq ixtisaslarını bitirənlərdir.