15 İyun – Milli Qurtuluş Günü dövlətçilik ənənələrimizin qorunub saxlanılması, inkişafın yeni mərhələsinə keçidin təməlinin qoyulduğu tarixdir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikri 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan konfransda çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev deyib. Akademik ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm sürən ağır siyasi vəziyyət, hərc-mərclik, ermənilərin əzəli torpaqlarımıza qarşı əsassız ərazi iddialarını xatırladaraq bildirib ki, qeyd olunan dövrdə xalqın düçar olduğu acınacaqlı vəziyyət dövlət idarəçiliyinə səriştəsiz kəslərin gətirilməsi, milli təəssübkeşliyin olmamasından qaynaqlanırdı. Ulu öndər Heydər Əliyevin Naxçıvana gəlişi, buradakı fəaliyyəti dövründə nəinki Naxçıvan, bütövlükdə Azərbaycanın gələcək müstəqilliyinə yönəlmiş tarixi qərarların qəbul edilməsi dahi rəhbərin əsl xilaskar kimi şərəfli fəaliyyətinin nəticəsidir. Qətiyyətlə deyə bilərik ki, Heydər Əliyevin hakimiyyətə gəlişi zamanın tələbi, 15 iyun tarixi Azərbaycanın inkişaf və rifahının başlanğıcı idi.
Ümummilli liderin ikinci dəfə siyasi hakimiyyətə gəlişi və bu siyasi epoxanın uğurlu nəticələrindən danışan İsmayıl Hacıyev Azərbaycanın iqtisadi inkişafı, diplomatik məharətlə qazanılan nailiyyətlər, ordu quruculuğu və siyasət meydanında atılan müvəffəq addımlardan bəhs edib.
Bölmənin sədri bildirib ki, elmin inkişafını daim diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətini nəzərə alaraq 2002-ci il avqustun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında tarixi Sərəncam imzalayıb.
Bu gün Milli Qurtuluşun bəhrələri kimi elmin müxtəlif sahələrində AMEA Naxçıvan Bölməsində 255 nəfər çalışır ki, bunların da 98-i elmi işçidir. Elmi işçilər arasında 2 akademik, 4 müxbir üzv, 4 elmlər doktoru, 54 fəlsəfə doktoru, doktorant və dissertantlar fəaliyyət göstərərək elmə öz töhfələrini verirlər.
Konfransda Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbovun “Böyük liderlik missiyası: Heydər Əliyevdən İlham Əliyevə” məqaləsi iştirakçıların diqqətinə çatdırılıb.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdirləri İlhami Əliyev, Asəf Orucov və Zeynəb Quliyeva çıxış edərək “Qurtuluş Gününə gedən yol”, “Ümumilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışı” və digər mövzulara toxunublar.
Ərhan Novruzov