Ali təhsil ocağının kollektivi tarixi abidələri ziyarət edib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin kollektivi “Muzey günləri” çərçivəsində Gülüstan türbəsi və Əlincəqalanı ziyarət edib.
Əvvəlcə Gülüstan türbəsində olan kollektivin diqqətinə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 oktyabr 2015-ci ildə imzaladığı “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” Sərəncamına əsasən türbə yenidən bərpa olunub. XII əsrə aid orta əsr Azərbaycan memarlarının zəngin daş memarlığı incisi olan Gülüstan türbəsinin konstruktiv quruluşu haqqında məlumat verən bələdçi vurğulayıb ki, türbə sərdabə qatı yer üstünə qaldırılan unikal abidədir. Ətrafı ikiqat quruluşa malik qülləvari türbə tipinə aid edilən Gülüstan türbəsi möhkəm postament üzərində qurulmuş on iki tilli qüllədən ibarətdir.
Sonra ali təhsil ocağının kollektivi “Əlincəqala” Tarix-Mədəniyyət muzeyində olub. Bildirilib ki, “Əlincəqala” tarixi abidəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli müvafiq sərəncamına əsasən bərpa olunub. Bərpa və arxeoloji tədqiqatlar zamanı qala ərazisindən tapılan maddi-mədəniyyət nümunələri buradakı muzeydə nümayiş etdirilir. Diqqətə çatdırılıb ki, muzeyin fondunda ümumilikdə 250 eksponat vardır. Bunlardan 167-si muzeyin ekspozisiyasında sərgilənir.
Etibar Dərbəndəliyev