1920-ci ilin 23 aprelində Ankarada TBMM-nin ilk toplantısı keçirilib, milli hökumət təşkil olunub, eyni zamanda Azərbaycanda bolşeviklər hakimiyyəti ələ keçirib, Moskvaya bağlı yerli hökumət meydana çıxıb. Bu hökumətə başına Azərbaycanın görkəmli dövlət xadimi, həkim, yazar Nəriman Nərimanov başçı təyin edilib. Yeni qurulan Ankara hökuməti Rusiya ilə siyasi əlaqələrə böyük önəm verməkdə idi. Türkiyə-Rusiya əlaqələrində Azərbaycan, Bakı önəmli yer tuturdu. Bu səbəbdən Bakıda təmsilçiliyin açılması çox gərəkli idi. TBMM hökuməti öncə bu əlaqələri ayrı-ayrı şəxslər və təşkilatlar vasitəsilə həyata keçirirdi. Amma hökumət xarici əlaqələrini dövlət sistemi içərisində formalaşdırmaq üçün fəaliyyətə başladı. Məhz buna görə 1920-ci ildə 12 avqust tarixli qərarla yazar Məmduh Şövkət Əsəndal Azərbaycan nəzdində Türkiyə səfiri təyin edildi. O, Bakıya gəldi və bu vəzifəni 1924-cü ilə qədər yerinə yetirdi.
Bakı və Ankara arasında münasibətlərin genişlənməsində Məmduh Şövkət bəy böyük rol oynadı. Eyni şəkildə Azərbaycanın da Türkiyə ilə münasibətlərini daha canlı şəkildə tutmaq üçün bir təmsilçiyə böyük ehtiyacı var idi. Azərbaycan bu məsələni bir az sonra, 1921-ci ildə həll etdi. N.Nərimanov bu vəzifəyə yaxından tanıdığı, siyasi təcrübəsinə bələd olduğu İbrahim Əbilovu təyin etdi. İyul ayında səlahiyyətli səfir olaraq təyin olunmuş İ.Əbilovun hazırladığı 28 nəfərlik heyətin siyahısını 4 avqust tarixində Xalq Xarici İşlər Komissarı Mirzə Davud Hüseynova təqdim etdi.
Kimdir İbrahim Əbilov?!
Azərbaycanın dövlətçilik tarixində özünəməxsus iz buraxmış dövlət adamları sırasında İbrahim Əbilovun da adı var. Azərbaycan Sovet Respublikasının Türkiyədə ilk səfiri olmuş İbrahim Əbilov 1882-ci ildə Naxçıvanın Ordubad şəhərində doğulubdur. O, Məhəmməd Tağı Sidqinin Ordubaddakı "Əxtər" məktəbində oxuyub, 1903-cü ildən etibarən Petrovsk- Portda (indiki Mahaçqala) və Bakıda fəhləlik edib, inqilabi hərəkata qoşularaq, ilk Azərbaycan sosial-demokrat təşkilatı "Hümmət"in üzvü kimi fəaliyyət göstərib.
1908-ci ildə Güney Qafqaz və Güney Azərbaycanda iranlı zəhmətkeşlər arasında inqilabi iş aparan "İctimaiyyun- Amiyyun" ("Mücahid") sosial-demokrat təşkilatının rəhbəri Nəriman Nərimanovun göstərişi ilə İrana göndərilib. 1909-cu ildə Bakıya dönən Əbilov 1912-ci ildə nəşr olunan "Bakı həyatı" qəzetinin redaktoru vəzifəsində işləyib. Çar hökuməti tərəfindən dəfələrlə həbs edilən İbrahim Əbilov Tiflisdə menşevik "Hümmət"çilərin menşevik qolunun seçkin xadimlərindən biri kimi fəaliyyət göstərib.
1918-ci ilin sonlarında Bakıya gələn İ.Əbilov Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə üzv seçilib və onun sosialist fraksiyasına rəhbərlik edibdir. O, 1920-ci ildə Bakı menşeviklərinin orqanı olan "İskra" qəzetinin redaktoru idi. Həmin ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Xalq Daxili İşlər Komissarının müavini təyin olunub, Şərq xalqlarının Bakıda çağırılan birinci qurultayında Şərq Xalqları Təbliğat və Təşviqat Şurasının katibi seçilib, 1921-ci ilin iyun ayında Azərbaycan nümayəndə heyətinin tərkibində Kommunist İnternasionalının üçüncü konqresində iştirak edib.
Bəlli olduğu kimi, İbrahim Əbilovun səfirliyi dövründə Anadoluda vəziyyət olduqca qarışıq idi. Yunan ordusu irəliləməkdə, Türk Ordusu geri çəkilməkdə idi. Hətta TBMM-nin Ankaradan köçürülməsi belə gündəmdə idi. Ankaraya getmək üçün Tiflisə gələn İbrahim Əbilov və heyəti burada bir müddət gözləməli oldu. Çünki Azərbaycan hökuməti onu Qars konfransına Behbud bəy Şahtaxtinski ilə birlikdə nümayəndə olaraq göndərmək istəyirdi. Bununla əlaqədar N.Nərimanov Tiflisə gəlib, məsələ müzakirə olunub, ancaq İ. Əbilovun tez bir zamanda Ankaraya getməsi qərara alınıb. Bu görüşdən sonra İ.Əbilov və heyəti Batuma gəldi. Burada yunanlar üzərində türk ordusunun zəfər xəbərini alıb çox həyəcanlanıb və Atatürkə təbrik teleqramı göndərib. 21 sentyabr sabahı “Reno” gəmisi ilə Batumdan ayrılıb sabahı gün Trabzon limanına yetişiblər. İ.Əbilov Girəsun, Samsun xəttilə 11 oktyabrda səfirlik əməkdaşlarının bir qismilə Ankaraya gəldi.
İbrahim Əbilov 14 oktyabr tarixində Atatürkə etimadnaməsini təqdim etdi. Səfirlik binasının açılışı 18 noyabr tarixinə təsadüf etdi. Bu möhtəşəm mərasimdə Əbilovun xahişi ilə Azərbaycan bayrağı TBMM sədri və baş komandan Mustafa Kamal paşa tərəfindən göylərə çəkildi. Türk dövlətinin böyük qurucusu dedi: “Əziz yoldaşımız Əbilov həzrətləri! Bu gün Azərbaycanın istiqlalını təmsil edən sancağı çəkərkən əllərimin bir takım hissiyyat və təəssürat ilə mütəhərrik olduğunu duyuram, filhakika sancağı çəkən mənim əllərimdi. Fəqət əllərimi təhrik edən bugünkü bayramda mənən müştərək olan bütün Türkiyə xalqının həqiqi və səmimi qardaşlıq hissiyatı idi.
Səfir həzrətləri! Azərbaycan sancağının Türkiyə sancağının yanında Türkiyə səmasında dalğalanmasını görmək bütün millətimiz üçün böyük bir bayramdır. Bizə belə bir bayram günü yaşatdığınızdan dolayı səmimi təşəkkürümü bildirirəm”.
İbrahim Əbilov bu törən sonrası böyük bir ziyafət verib və bu sırada Azərbaycan-Türkiyə dostluğunun işarəti olaraq TBMM-ə və Mustafa Kamal paşaya Azərbaycan hökuməti və xalqı adından müxtəlif hədiyyələr təqdim edib. Bu hədiyyələr arasında “Azərbaycan fəhlə və kəndli hökumətindən türk inqilabının qəhrəmanı Mustafa Kamal Paşaya yadigar” yazısı olan Qafqaz süvari ordusunun qızıl xəncəri də var idi.
İbrahim Əbilov Türkiyədə olduğu ilk günlərdə apardığı müşahidələrə əsaslanaraq Trabzon və Samsun şəhərlərində konsulluq idarəsinin açılması haqqında Azərbaycan Xalq Xarici İşlər Komissarlığına təklif göndərmişdi. Əbilovun göndərdiyi sənədlərə əsasən Azərbaycan Sovet hökuməti 1922-ci ilin baharında Trabzonda konsulluq açılması və Mirzə Davud Rəsulzadənin oraya katib təyin olunması haqqında qərar verib.
Əbilov Ankaraya gəldiyi ilk gündən bəri Sovet -Türkiyə dostluğunu möhkəmləndirmək yolunda var gücü ilə səy göstərməkdə idi. O, Ankara ziyalıları ilə mehriban dostluq əlaqələri yaradıb. Elə buna görə də Türkiyədə İbrahim Əbilova ehtiram göstərir, İbrahim Məhərrəm bəy deyə çağırırdılar. İbrahim bəy Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal paşanın rəğbətini qazanıb. Bu sırada Sovet-Türkiyə münasibətlərinin inkişafında 1 100 000 qızıl rublu yardım olaraq Ankaraya gətirən Ukrayna Silahlı Qüvvələri baş komandanı M.Frunzenin böyük xidməti oldu. Dövlətlərarası münasibətlərdəki problemləri həll etmək, qarşılıqlı etimad şəraitinin yaranmasını təmin etmək mühüm məsələ kimi qarşıda dururdu. Bununla əlaqədar Ankarada Mustafa Kamal Paşa ilə M.Frunze və İbrahim Əbilov arasında bir çox görüşmə keçirilib və əlaqələrdəki problemlər müzakirə edilib. Belə ki, naxçıvanlı diplomatın səyləri nəticəsində Moskva konfransında vəd edilən 10 milyon qızıl pulun 3,5 milyon rublu 3 May 1922-ci il tarixdə Ankara TBMM-nə təslim edilib, bundan əlavə, silah-sursat, çeşidli məmulat və dava-dərman kimi yardımlar bir qədər də artırılıb.
Bilindiyi üzrə Qars anlaşması 13 oktyabr 1921-ci il tarixində imzalanıb, amma bu anlaşmanın təsdiq olunması problemə çevrilib.
Məlumdur ki, 12 mart 1922-ci il tarixində Tiflisdə üç Cənubi Qafqaz respublikasının ortaq qərarı ilə Cənubi Qafqaz Sosialist Federativ Sovet Respublikası (Zakfederasiya) quruldu. Bu hadisədən sonra Azərbaycanın Türkiyədəki səfirliyinin də vəziyyətə uyğunlaşdırılması gərəkməkdə idi. İ.Əbilovun Türkiyədə qalması Azərbaycan KP Mərkəzi Komitəsi tərəfindən qərarlaşdırılmışdı. Çünki “İ.Ebilov siyasi ve bürokratik çevrelerde önemli ilişkiler kurmuş ve Sovyet Rusiya Elçilikleri ile koordineli bir biçimde çalışmalar yürütmüş ve en önemlisi Mustafa Kamal Paşa ile büyük bir dostluk kurmuştu. Bunun için ilişkilerin oldukça iyi olduğu bir dönemde İ.Ebilovu Türkiyeden geri çağırmak akılcı siyaset olmazdı. Bu mesele Zakfederasiyanın 25 Eylül 1922 tarihinde yaptığı toplantıda çözüm yoluna kavuştu. Bu toplantıda İ.Ebilovun Türkiyede çalışmalarının takdir edilmesi benimsenerek, Türkiye ile daha sık dostluk ilişkilerinin kurulması için daha çok çaba gösterilmesi konusu üzerində durulmuş ve İ.Ebilovun Zakfederasiyanın Türkiyedeki temsilcisi olarak tayin edilmesine karar verilmişti. Ayrıca Gürcüstan və Ermenistan temsilcilerinin İ.Ebilov heyetine müşavir olarak atanması ve Ankara temsilciliyinin para ve informasyon konusunda takviye edilmesi karar altına alınmıştır” -Betül Aslan.. Türkiye-Azerbaycan ilişkileri ve İbrahim Ebilov (1920-1923), İstanbul, Kaynak yay, 2004,s.86).
Bundan sonra Sovet Rusiyasının Türkiyə ilə dostluq münasibətlərini daha da genişləndirməsi, türk müstəqillik mücadiləsinə dəstək verməsi, şübhəsiz, Azərbaycan sovet hökumətini Türkiyə ilə münasibətlərində nisbətən rahatlatmışdır. Hər zaman olduğu kimi həmin dövrdə də Azərbaycanda Türkiyəyə böyük sevgi var idi. Yuxarıda qeyd etdiyimiz kimi, bu işdə İ.Əbilovun böyük xidmətləri var idi. Onu da qeyd edək ki, 1922-ci il sentyabr ayından sonra İ.Əbilovun səlahiyyətlərinin artırılması, səfirlikdə gürcü və erməni müşavirin də yer alması Əbilovu qısqananları daha da qəzəbləndirmişdi. Bu sahədə erməni mətbuat orqanları özəlliklə xüsusi rol oynamaqda idi. Daşnak ermənilərin fitnələri bitmək-tükənmək bilmirdi. Akademik İsmayıl Hacıyevin göstərdiyi kimi, hələ 1921-ci ilin dekabr ayında səfirliyin yeni fəaliyyətə başladığı bir dövrdə Bakıda və Moskvada bu narahatlıqlar açıq müstəviyə çıxır. Həmin vaxt Azərbaycanda Nəriman Nərimanova yaxın olan müsəlman kommunistlərə qarşı başlanmış təmizləmə kompaniyası bir zamanlar qatı menşevizm tərəfdarı olmuş İbrahim Əbilovdan da yan keçmir. Bolşevik cildinə girmiş daşnak erməni quldurlarının və rusların əlində olan Bakı şəhər partiya təşkilatı, əsasən, 3 görkəmli azərbaycanlı diplomatı – B.Şahtaxtinski, Ə.Şirvani və İ.Əbilovu hədəf alır. Diplomat Kommunist Partiyası sıralarından azad edilməsi ilə bağlı xəbəri aldıqda ciddi sarsıntı keçirir. N.Nərimanovun İ.Əbilova zamin durması ilə dekabr ayının 22-də o, partiya sıralarına bərpa olunur. Sonra isə N.Nərimanov İ.Əbilova məktubunda belə yazır: ”Bu vaxta kimi apardığınız xətti-hərəkət düzdür. Ümid edirəm, bundan sonra da səhviniz olmasın” .
Yuxarıda qeyd etdiyimiz kimi, İ.Əbilovun Azərbaycan, Rusiya və Türkiyə münasibətlərinin inkişafında böyük rolu olubdur. Rusiyanın o vaxtlar Türkiyədə olan səlahiyyətli nümayəndəsi Semyon Aralov onun haqqında yazırdı: “Əbilov bütün digər müsbət cəhətlərilə bərabər, həm də böyük daxili mədəniyyətə malik bir insan idi”. N.Nərimanov onun fəaliyyətinə yüksək qiymət verərək deyirdi: “Şərq xalqlarını Qərbi Avropa imperializminin zülmündən xilas etmək onun arzusu və həyat amalı idi”.
1922-ci ilin payızından etibarən İ.Əbilovun erməni müşaviri Sovet Rusiyasının Ankara təmsilçisi Aralovun onunla arasını vurmağa səy göstərirdi. Erməni daşnakları bəd niyyətlərindən əl çəkmək istəmirdilər (onlar nə qədər dövlət xadimimizə qəsd etmiş, aradan götürmüşdülər-Ə.Q.), İbrahim Əbilovu aradan götürmək istəyirdilər, hətta bu haqda gizli qərar da qəbul etmişdilər. Sonunda onlar bu məqsədlərinə də nail oldular. Belə ki, onlar İzmir şəhərində keçirilən İqtisad konqresi zamanı (fevral 1923) böyük Azərbaycan diplomatını zəhərlədilər. Bildiyimiz kimi, Mustafa Kamal paşa Azərbaycanın səlahiyyətli səfiri İ.Əbilovu və Sovet Rusiya səfiri Aralovu konqresə özəl olaraq dəvət etmiş və konqresdə çıxış etmələrini rica etmişdi. İ.Əbilov konqresdə nitq söyləyib, gecə qəflətən halı pisləşib və üç gün sonra 23 fevral səhər saat 6-da vəfat edib.
Atatürk cəmi 41 il ömür sürmüş görkəmli diplomatımızın, səlahiyyətli səfirin həyat yoldaşı Tamara xanıma iki qızı ilə (İ.Əbilovun kiçik qızına Atatürk Anadolu adını vermişdi-Ə.Q.) bərabər Türkiyədə qalmağı təklif etsə də, o, buna razılıq vermir, vətənə qayıtmaq arzusunu bildirir. Atatürkün göstərişilə Misir və Hindistandan dəvət olunmuş alimlər İbrahim Əbilovun cənazəsini mumiyaya tutub eyni gəmi ilə Bakıya göndərirlər. Tamara xanım o hüznlü günləri xatirələrində belə təsvir edir: “İbrahim bəy! Sən Türkiyəyə gələndə gəminin göyərtəsində oturmuşdun, indi gəminin anbarındasan, bu dərdə dözmək olarmı?” Azərbaycan Respublikasının Türkiyədə fəaliyyət göstərən səlahiyyətli səfiri İbrahim Əbilovun cənazəsi Bakıda böyük izdihamla qarşılanır. Bu böyük siyasi xadim indiki Şəhidlər Xiyabanı ərazisində dəfn olunur.
İ.Əbilovun qızı Anadolu xanım Əbilova atasının faciəli taleyi haqqında yazır: ” Demə, atamın faciəsi təkcə ölümüylə bitmirmiş, qara qüvvələr sonralar da ondan əl çəkməyəcəkmiş... 1941-ci ildə mən Bakıda Tibb İnstitutunun ikinci kursunda oxuyarkən Böyük Vətən müharibəsi başlandı. Könüllü olaraq cəbhəyə yazıldım. Müharibədən sonra cəbhədə ailə qurduğum həkim İskəndər İsmayılovla Bakıya qayıtdım. Atamın məzarını ziyarətə gedərkən qəbrin yerlə-yeksan olunduğunu gördük... Nə qədər axtarılsa da, dəmir qutuda basdırılan mumiyalanmış cəsəd tapılmadı. Deyəsən, İbrahim Məhərrəm bəyin qəbri də həmin qara qüvvə üçün təhlükə yaradırdı. Bu vəhşiliyi ermənilərdən başqa kim törədə bilərdi? Nəhayət, 1981-ci ildə Heydər Əliyevin göstərişilə Fəxri xiyabanda atamın simvolik qəbri düzəldildi”.
Beləliklə, Azərbaycan dövlətinin Türkiyə Cümhuriyyətində ilk səlahiyyətli səfiri olmuş İbrahim Əbilov diplomatiyamız tarixində parlaq bir ictimai-siyasi xadim kimi yaşayacaqdır.
Əbülfəz Quliyev
AMEA-nın müxbir üzvü