Naxçıvan Dövlət Universitetinin müəllimi ilə magistrantın birgə yazdığı elmi məqalə Hindistan mətbuatında - FOTOLAR
Naxçıvan Dövlət Universiteti “Biologiya” kafedrasının müdiri, biologiya üzrə elmlər doktoru Daşqın Qənbərov, Biologiya fənninin tədrisi metodikası və metodologiyası üzrə II kurs magistrant, universitetin Elm və innovasiyalar bölməsinin könüllü əməkdaşı Fatimə Babayevanın birgə ərsəyə gətirdikləri “Naxçıvan Dövlət Universiteti şəhərciyi ərazisinin yaz florası” adlı elmi məqalələri Hindistanın Nyu Delhi şəhərində “Beynəlxalq Botanika Jurnalı”nda (“İnternational Journal of Botany”) dərc olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə universitet şəhərciyi ərazisinin erkən yaz florasının taksonomik tərkibi, ekoloji qrupları və coğrafi areal sinifləri haqqında məlumat verilib. Qeyd olunub ki, tədqiq olunan ərazinin erkən yaz florası 12 fəsilənin 25 cinsinə aid 33 növlə təmsil olunur.
Məqalədə, həmçinin muxtar respublika florasının, bitki aləminin hər tərəfli sistematik, biomorfoloji, bioekoloji, fitosenoloji, biokimyəvi və bitki ehtiyatlarının öyrənilməsi istiqamətlərində kompleks tədqiqat işləri aparılıb.
Qeyd edək ki, zaman keçdikcə aparılan tədqiqatların nəticələrinin köhnəlməsi, yeni növlərin yaranması, yaxud qonşu ölkələrdən bu əraziyə növlərin miqrasiya etməsi vaxtaşırı onların araşdırılmasına və yeni yaranmış xüsusiyyətlərinin tədqiq olunmasına gətirib çıxarır.
Səadət Əliyeva