“Təhsildə rəqəmsallaşdırma: Elektron təhsil və informasiya cəmiyyəti” mövzusunda onlayn respublika elmi konfransı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində təşkil olunan elmi konfransda Azərbaycanda təhsilin modernləşdirilməsi, təhsildə informasiya texnologiyalarının tətbiqi istiqamətində mühüm addımlar atıldığını diqqətə çəkən rektor Elbrus İsayev muxtar respublikada bu sahədə görülən işlərdən danışıb. Vurğulanıb ki, universitetdə 2012-ci ildən hazırlıqlarına başlanılan “Naxçıvan Dövlət Universiteti üçün elekron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastruktrunun yaradılması” layihəsi çərçivəsində 2015-ci ildən etibarən də İnformasiya-Kommunikasiya Texnologiyaları mərkəzi istifadəyə verilib. Vurğulanıb ki, ali təhsil ocağında “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin icrası və elektron universitetin fəaliyyətə başlaması Azərbaycan ali təhsil məkanında büdcəsinə  və layihəsinin genişliyinə görə ən irihəcmli və əhəmiyyətli layihələrdən biri kimi tarixə düşüb.

Rektor diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2020-ci il dekabrın 14-də “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncamına əsasən bu ilin iyun ayının 16 –da universitetdə Texnologiyalar Parkının təməlatma mərasimi keçirilib. Müasir dövrün tələbi olan bu layihənin əsas tələbi  dünya universitetləri sırasında öz yerini tutmaq və müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərməkdir. Rektor layihənin gələcək perspektivlərindən danışıb və konfransın işinə uğurlar arzulayıb.

AMEA İnformasiya Texnologiyaları  İnstitutunun Şöbə müdiri, texnika elmləri  üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayevin, Naxçıvan Dövlət Universiteti, Memarlıq və mühəndislik fakültəsinin dekanı, riyaziyyat elmləri doktoru, professor Cavanşir Zeynalovun, İnformasiya-kommunikasiya texnologiyaları və elektron təhsil şöbəsinin müdiri Hüseyn Əsgərlinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Gülşən Hacıyevanın mövzu ilə bağlı çıxışları dinlənilib.

Konfrans “Distant təhsil”, “İKT və təhsil”, “İnnovasiya və təhsil”, “Elm və təhsil”, “Yenilikçi tədris metodları” adlı 5 bölmə iclasları ilə davam edib. Qeyd edək ki, bölmələrdə 60 tədqiqatçı 48 mövzu ilə çıxış edib.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: