Naxçıvan Bölməsində ötən ildə nəşr olunan əsərlərin biblioqrafik göstəricilərindən ibarət kitabın təqdimatı olub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə akademik İsmayıl Hacıyev “Biblioqrafik göstəricilər” kitabının 2018-ci ildən başlayaraq Elm və təhsil şöbəsi tərəfindən tərtib olunduğunu söyləyib. Qeyd olunub ki, əməkdaşların elmi və publisistik fəaliyyətlərinin əksini tapdığı sayca dördüncü kitab həm illik göstəricilərin ayrı-ayrılıqda təhlil olunmasında, həm də tədqiqat materiallarının mənbəyinin tez və asan əldə olunmasında əhəmiyyətlidir.
Qeyd olunub ki, kitab Bölmənin Rəyasət Heyətinin 18 mart 2021-ci il tarixli qərarı ilə çap edilib. Nəşrin layihə rəhbəri və baş redaktoru akademik İsmayıl Hacıyev, tərtibçisi isə filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərovadır.
Biblioqrafiyaya elmi əməkdaşların respublikada, eləcə də xarici ölkələrdə dərc olunan əsərləri – kitab, monoqrafiya, metodik vəsait, xəritə, buklet, məqalə, tezis, tərcümə, müsahibə, bədii yaradıcılıq nümunələri və mətbuatda dərc olunan yazıları daxil edilib. İki hissədən ibarət nəşrin birinci hissəsində il ərzində nəşr olunan əsərlər, ikinci hissədə isə köməkçi göstəricilər verilib. Burada 38 kitab, monoqrafiya, metodik vəsait, xəritə və buklet adlarının əlifba göstəricisi, respublika jurnallarında çap olunmuş 288 məqalənin, kitab və toplularda 144 məqalənin, xaricdə nəşr olunmuş 99, rus dilində dərc olunmuş 52 əsərin adlarından ibarət əlifba göstəricisi təqdim olunur.
Tədbirin sonunda professor Əbülfəz Quliyevin, dosentlər Qulu Həziyev və Fərman Xəlilovun kitabla bağlı irəli sürdükləri təkliflər dəyərləndirilib.