Naxçıvan Dövlət Universiteti tələbələri arasında I Startap müsabiqəsi başa çatıb - FOTOLAR
Naxçıvan Dövlət Universiteti tələbələri arasında I Startap müsabiqəsi keçirilib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, müsabiqənin nəticələrinə həsr olunmuş tədbirdə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev startap layihələrinin əhəmiyyətindən danışıb. Rektor qeyd edib ki, bu layihələrin məqsədi muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaq, yaradıcı düşüncəni üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək olmaqdır.
Elbrus İsayev vurğulayıb ki, belə müsabiqələrin keçirilməsi nəticəsində tələbə komandaları azad sahibkarlığın prinsiplərini öyrənir, öz ideyalarını təcrübədə tətbiq edir və əldə etdikləri bilikləri digərləri ilə bölüşürlər. Universitetdə yeni təməli atılan texnoparkda “Startap” mərkəzinin yaradılması bu müsabiqələrin aktuallığını daha da artırır.
Ali təhsil ocağının İnformasiya-kommunikasiya texnologiyaları və Elektron təhsil şöbəsinin müdiri Hüseyn Əsgərli qeyd edib ki, startap hərəkatının fəal iştirakçısına çevrilən ali təhsil ocağında yeni texnologiyalar yaxından izlənilir və həmin yeniliklər tətbiq olunur. Hüseyn Əsgərli belə müsabiqələrin keçirilməsinin muxtar respublikada innovasiyayönümlü iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına töhfə kimi qiymətləndirib. Vurğulanıb ki, I Startap müsabiqəsində ndu.edu.az internet saytı üzərindən ideya bankına göndərilən 15 layihədən 10-u seçilərək final turuna vəsiqə qazanıb.
Muxtar respublika üzrə startap müsabiqəsinin qalibi, universitetin İqtisadiyyat ixtisası üzrə IV kurs tələbəsi Kamil Hüseynli müəllifi olduğu “Vita Blok” startap layihəsi barədə məlumat verib.
Sonra müsabiqənin final turu keçirilib. “Ağıllı bitki”, “Ağıllı ölçü cihazı”, “Ağıllı şkaf”, “Easy buy”, “Sensorla idarə olunan təmizlik qutusu”, “Naxçıvan 360 dərəcə veb-saytı və mobil tətbiqi”, “Buy-sell” və bir neçə layihə nümayiş etdirilib.
Münsiflər heyətinin qərarına əsasən, universitetin Memarlıq və mühəndislik fakültəsinin İnformasiya texnologiyaları ixtisası üzrə III kurs tələbələri “Ağıllı bitki” layihəsi ilə müsabiqənin qalibi olub. “Easy buy” layihəsi üzrə İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri II, “Buy-sell” layihəsi üzrə Memarlıq və mühəndislik fakültəsinin “İnformasiya texnologiyaları” ixtisası üzrə III kurs tələbələri III olublar.
Qalib komandalar sertifikat, kubok və pul mükafatı ilə təltif edilib.
Qeyd edək ki, layihələr finala hazırlanarkən tələbələrə peşəkar mütəxəssislər tərəfindən maarifləndirici seminar-treninqlər keçirilib.