İlk yaşımıza qədəm basdığımız zaman beynimiz ən tez-tez eşitdiyimiz səslər mövzusunda ixtisaslaşmağa, biz ana dilimizdə bəzi sözlər deməyə başlayırıq. Yeni doğulan körpələr belə məlum bir aksentlə ağlayır, ananın bətnindəykən eşitdikləri səsləri təqlid edirlər. Həyatımızın ilk illəri ana dilini öyrənmək baxımından böyük əhəmiyyət daşıyır. Tərk edilmiş və ya ətrafdan təcrid edilmiş uşaqlar üzərində aparılan araşdırmalar danışmağı erkən yaşda öyrənmədiyimiz təqdirdə bu boşluğun sonrakı yaşlarda asanlıqla doldurulmayacağını göstərir. Lakin xarici bir dil öyrənmək baxımından vəziyyət eyni deyil.
Kiçik uşaqların xarici dil öyrənməyə daha meylli olduğu və daha asan öyrəndikləri fikri geniş yayılıb. Amma əldə edilən məlumatlar bunu təsdiqləmir. Elmi araşdırmalar insanın dil ilə əlaqəsinin ömür boyu necə inkişaf etməsiylə bağlı qarışıq araşdırmalar təqdim edir. Məlumatlar daha sonrakı yaşlarda xarici dil öyrənməyə başlayanların daha üstün olduqlarını göstərir. Həyatın fərqli dövrlərində dil öyrənməyin fərqli üstünlükləri var. Körpə olarkən qulaqlarımız səslərə qarşı daha həssas olur. 1-3 yaş arası uşaqlar fərqli aksentləri sürətlə öyrənib təqlid edirlər.
Böyüklərin isə fikrini cəmləmək müddətinin daha uzun və oxuyub-yazmaq kimi bacarıqlara sahib olması sadəcə xarici dildə deyil, həm də ana dilimizdə söz xəzinəsini davamlı genişləndirmək imkanı verir. Kiçik uşaqlar isə "gizli öyrənmə" məsələsində daha yaxşıdırlar. Yəni, xarici dildə danışan insana qulaq asıb onu təqlid edərək öyrənirlər. Lakin bu öyrənmə tərzi o dildə danışan insanla daha çox vaxt geçirməyi tələb edir.
Başqa bir ölkəyə köçən ailəni müqayisə etsək, görərik ki, bu vəziyyətdə uşaqlar yeni dili valideynlərindən daha tez öyrənirlər. Bunun səbəbi məktəbdə davamlı olaraq bu dili eşitməkləridir. Bundan başqa uşaqlar dostluq etmək, cəmiyyətdə qəbul olunmaq yoluyla sosial olaraq varlıqlarını davam etdirmək baxımından dil öyrənməyi prioritet olaraq görürlər.
Yaşla yanaşı sosial vəziyyət, öyrənmək üsulları, hətta dostluq və yoldaşlıq kimi amillər də neçə xarici dildə və nə dərəcədə yaxşı danışdığımıza təsir göstərir. Sinifdə bir müəllimin qaydaları açıqladığı "aydın öyrənmək" üsulunda, fikrini cəmləmək və yaddaş qabiliyyəti ilə idraka nəzarət bacarıqları məhdud olduğundan balaca uşaqlar dil öyrənməkdə uğur qazanmırlar. Kiçik uşaqlar dili təbii aksentlə təqlid etməkdə daha yaxşıdırlar, amma fərqli yaşlar fərqli dil bacarıqları gətirir.
Araşdırmalar fərqli fikir ortaya qoyurlar. "Bu məsələdə böyüklər daha yaxşıdırlar. Yəni yaş artdıqca bu xüsusiyyət də inkişaf edir".
İsraildə aparılan bir araşdırmada süni bir dil qaydasını başa düşmək və bunu laboratoriya şəraitində yeni sözlərə tətbiq etmək baxımından fərqli yaş qruplarının fəaliyyəti müşahidə edilib. Yeniyetmələr olaraq adlandırılan 14-21 yaş qrupundakılar 12 yaşlılardan ibarət qrupdan daha yaxşı nəticə göstəriblər. 12 yaşlıların isə 8 yaşlılardan daha yüksək bal qazandıqları məlum olub.
İngiliscə öyrənən 2000 katalon-ispan tələbəsi ilə aparılan araşdırmada buna oxşar nəticələr əldə olunub. Xarici dil öyrənməyə daha gec yaşda başlayanların daha gənc yaşda başlayanlarla müqayisədə dili daha sürətlə öyrəndiyi müşahidə olunub. Araşdırmalar 14-21 yaş arası gənclərin dil öyrənməkdə uşaqlardan daha üstün olduğunu göstərir. Tədqiqatçılar belə nəticəyə gəliblər ki, yaşlı tələbələr kamilləşmə nəticəsində problemi daha yüksək səviyyədə həll etmə strategiyası kimi bacarıqlardan və dil sahəsində daha yüksək səviyyədə təcrübə sahibi olmağın verdiyi üstünlüklərdən faydalanıblar. Yəni, yaşı çox olanlar həm özləri, həm də dünya haqqında daha çox məlumata sahib olduqları üçün yeni öyrəndiklərini bu məlumatla daha asanlıqla qavraya bilirlər və hər şeyi yerli-yerində oturdurlar.
Dili öyrənmək üçün illər tələb olunur. Bunu edərkən sosial bir motivasiya yoxdursa, səyi davam etdirmək olduca çətindir.
Massachusetts Texnologiya İnstitutu (MİT) bu il internet vasitəsiylə 670 min insan arasında sorğu keçirib. Bir ingilis kimi ingilis qrammatikasına sahib olmaq üçün bu dilin öyrənilməsinə 10 yaşlarında başlamağın ən yaxşı nəticə verdiyi məlum olub. Daha sonrakı yaşda bu bacarıq azalır.
Lakin vaxt ərzində öz dilimiz də daxil xarici dillərdə yaxşılaşma vəziyyətinin davam etdiyi müşahidə olunub. Məsələn, ana dilimizin qrammatika qaydalarını ancaq 30 yaşlarında tamamilə öyrənmiş oluruq. Başqa bir araşdırmada isə orta yaşa qədər ana dilimizdə hər gün yeni bir söz öyrəndiyimiz məlum olub.
"İnsanlar bəzən xarici dili öyrənməyin ən böyük üstünlüyü nədir?, - deyə soruşurlar. Əslində xarici dil bilməyin ən böyük üstünlüyü daha çox insanla ünsiyyət qura bilməkdir".
Türkan Həsənzadə
Naxçıvan Dövlət Universiteti
“İngilis dili və tərcümə” kafedrasının müəllimi