NDU-da ölkəmizdəki təhsil ocaqları arasında ilk dəfə zehin xəritələri ilə dərs vəsaiti hazırlandı - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Kimya zehin xəritələri ilə” adlı dərs vəsaitinin həmmüəllifləri “Kimya” kafedrasının professoru, əməkdar müəllim Yasin Babayev və Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ümumi kimya və kimyanın tədrisi texnologiyası” kafedrasının baş müəllimi, kimya üzrə fəlsəfə doktoru Nigar Babayevadır.
Təqdimat mərasimində rektor Elbrus İsayev nəşr olunan dərs vəsaitinin müasir tədris metodlarına uyğun tərtib edildiyini diqqətə çəkib. Bildirilib ki, yeni təhsil proqramı- kurikulum üzrə abituriyentlər üçün ölkədə ilk dəfə zehin xəritələri ilə hazırlanan dərs vəsaitinin yeni yanaşma, innovativ metodlarla, yeni təhsil proqramına qoyulan tələblər əsasında işlənməsi ağır dərs yükü olan kimya fənnini daha asan şəkildə öyrənməyi təmin edəcək.
“Kimyanın tədrisi metodikası və metodologiyası” ixtisası üzrə I kurs magistrant Məhəbbət Qarayeva kitabdakı “Məhlullar”, “Kimya” müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Bağdagül Cəfərli “Saf maddələr və qarışıqları”, “Kimya” ixtisası üzrə I kurs tələbəsi Xanım Hüseynova “Oksidlərin alınması və kimyəvi xassələri”, “Kimya” müəllimliyi I kurs tələbəsi Qumral Abbasova “Kimyəvi elementlərin dövri sistemi” bölmələrini zehin xəritələri vasitəsilə izah ediblər.
Sonda kitabın həmmüəllifləri kitab haqda səsləndirilən dəyərli fikirlərə görə öz minnətdarlıqlarını ifadə ediblər.
Fəxriyyə Səyyadova