“Türkologiya” jurnalının 50 illik yubileyi qeyd olunub - FOTOLAR
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən jurnal türk dünyasının köklü və nüfuzlu elmi nəşrlərindəndir. Türkologiya elminin tarixinə və aktual problemlərinə həsr olunan dərgi türk xalqlarının dillərinə, ədəbi və mədəni zənginliklərinə, türk dillərinin müasir vəziyyətinə dair yazılmış elmi əsərləri özündə əks etdirir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə AMEA Naxçıvan Bölməsində “Türkologiya” jurnalının 50 illik yubileyi münasibətilə keçirilən konfransda Bölmənin sədri, akademik İsmayıl Hacıyev danışıb.
“Türkologiya” jurnalının baş redaktoru, akademik Kamal Abdulla konfransa onlayn qatılıb.
Akademik bildirib ki, jurnal SSRİ Elmlər Akademiyası və Azərbaycan Elmlər Akademiyasının birgə nəşri kimi “Sovetskaya Türkologiya” adı ilə 1970-ci ilin aprelindən nəşr olunur. 1992-ci ildən etibarən “Türkologiya” adı altında buraxılır. 2016-cı ildən etibarən AMEA Rəyasət Heyətinin təsisi ilə ildə dörd nömrəsi nəşr edilən jurnalda Azərbaycan, türk, rus və ingilis dillərində məqalələr dərc olunur.
Alim nəzərə çatdırıb ki, təkcə son 5 il ərzində jurnalın 20 sayı çıxıb və bu nömrələrdə 192 məqalə yer alıb. Jurnalda yerli alimlərlə yanaşı, ABŞ, Almaniya, Fransa, Polşa, Çexiya, Macarıstan, Türkiyə, Rusiya, Misir, İran, Monqolustan, Əfqanıstan, Orta Asiya ölkələri, Koreya Respublikası və Yaponiyadan olan alimlərin məqalələri də dərc edilib. Bununla da jurnal türkologiyanın müxtəlif istiqamətlərində çalışan alimlərin intellektual məkanına çevrilib. “Türkologiya” jurnalı da bir çox beynəlxalq indeksləşdirmə biblioqrafiyasına daxil edilib. “Naxçıvanda jurnalın təqdimatının keçirilməsi, eləcə də jurnala olan maraq məni çox sevindirdi”,- deyən Kamal Abdulla dərginin gələcək fəaliyyətində naxçıvanlı alimlərlə əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Türkologiya jurnalı və qədim türk abidələrinin öyrənilməsi məsələləri”, İnstitutun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin “Türkologiya jurnalı və türk onomastikasının öyrənilməsi məsələləri”, İnstitutun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Nuray Əliyevanın “Türkologiya jurnalı və türk dialektologiyasının öyrənilməsi məsələləri mövzularında çıxışları dinlənilib.
Mədinə Rəhimli