NDU-da elmi-tədqiqat işlərində fərqlənən tələbələr mükafatlandırılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Tələbə Elmi Cəmiyyətinin xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekun konfransında ali təhsil ocağının rektoru Elbrus İsayev tələbələrin elmi-texniki potensialının qorunub saxlanılmasında TEC-in əhəmiyyətindən danışıb. Rektor vurğulayıb ki, TEC işində fəallıq nümayiş etdirənlər 30 iyun-2 iyul tarixlərində “Ağbulaq” istirahət Mərkəzində “Elm və innovasiya” düşərgəsində olacaq, asudə vaxtlarını səmərəli keçirəcəklər.
2020-2021-ci tədris ilində Tələbə Elmi Cəmiyyəti xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunları barədə məlumat verən Cəmiyyətin sədri Təbrizə Bağırova bildirib ki, tədris ilində 437 müəllim elmi-tədqiqat işlərinə rəhbərlik edib, 571 tələbə 570 mövzu üzrə məşğul olub. Diqqətə çatdırılıb ki, ötən illə müqayisə aparsaq, görərik ki, mövzuların sayıında 221 vahid 63 faiz artım qeydə alınıb.
Universitet üzrə TEC xətti ilə ən yaxşı elmi-tədqiqat işini yerinə yetirən “Müalicə işi” ixtisası üzrə IV kurs tələbəsi Çinarə Orucovanın yazdığı elmi-tədqiqat işi I yerə layiq görülüb. “Marketinq” ixtisası üzrə I kurs tələbəsi Elsun Cəfərov, “Fortepiano ifaçılığı” ixtisası üzrə IV kurs tələbəsi Xanım Əsgərova II, Stomatologiya ixtisası üzrə IV kurs tələbəsi Fərid Cəfərli, “Biologiya müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Arzu Sultanova isə III yeri bölüşüblər.
Bundan əlavə Tələbə Elmi Cəmiyyəti xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərində universitet üzrə seçilən tələbələrə plaket, fakültələr üzrə fərqlənən tələbələrə diplom, TEC-in ümumi işində seçilən tələbələrə isə təşəkkürnamə təqdim edilib.
Səadət Əliyeva