2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün bakalavrların proqram və ixtisaslaşma seçimi davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi Dövlət İmtahan Mərkəzinin (DİM) saytına istinadla xəbər verir ki, ixtisaslaşma seçimi iyulun 5-dək aparılacaq. Proqram və ixtisaslaşma seçiminə magistraturaya fevralın 28-də və mayın 26-da keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən bakalavrlar buraxılırlar. Bu gün saat 10:25-ə olan məlumata görə, 3252 bakalavr (Azərbaycan bölməsi - 2943; rus bölməsi – 309) ixtisaslaşma seçimi ərizəsini təsdiq edib.
Qeyd edək ki, bu il imtahanların 2 dəfə keçirilməsi ixtisaslaşma seçiminə buraxılanların sayına müsbət təsir edib. 16 624 bakalavr minimal tələbləri ödəyərək ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanıb. Ötən il müvafiq göstərici 11 615 nəfər olub.