Naxçıvan Dövlət Universiteti Tibb fakültəsi tələbələri istehsalat təcrübəsini uğurla başa vurublar - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin istehsalat təcrübəsinin yekun konfransı keçirilib. Tədbirdə universitetin rektoru Elbrus İsayev təcrübələrin yeni standartlar və tədris planları əsasında həyata keçirildiyini qeyd edib. Rektor təcrübi dərslərinin keçirilməsi üçün fakültənin bazasında mövcud olan laborator imkanlardan danışıb. "Tibb fakültəsinin nüfuzu ildən-ilə artmalıdır", –deyən Elbrus İsayev xarici ölkələrlə, xüsusən də qardaş Türkiyə ilə təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb. Diqqətə çatdırılıb ki, hər il Tibb fakültəsinin müəllim- tələbə kollektivi Türkiyə Respublikasında təcrübədə olur və gələcək peşə təcrübəsində uğurlu nəticə əldə edirlər. Rektor fakültənin gələcək perspektivlərindən danışıb, tələbələri yaradılan şəraitdən hərtərəfli bəhrələnməyə çağırıb.

“Ümumi təbabət və klinik fənlər” kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva, “Stomatologiya” kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Rauf Cəfərov tələbələrin istehsalat təcrübəsində qazandığı biliklər və muxtar respublikanın xəstəxanalarında, universitet klinikasında, özəl stomatoloji klinikalarda keçirilən təcrübi dərslərin onların ixtisaslı həkim kimi formalaşmasında xüsusi rola malik olduğunu bildiriblər.  Çıxışlarda bildirilib ki,  müvafiq tədris planına uyğun olaraq  fakültənin Müalicə işi, Tibbi profilaktika, Stomatologiya, Əczaçılıq ixtisasında təhsil alan tələbələr müvafiq olaraq 2,3 və 4 həftə müddətində təcrübə dərslərində iştirak ediblər. Vurğulanıb ki,  təcrübələr ümumi qəbul edilmiş qaydalara uyğun olaraq hər ixtisas qrupu üçün fərqli sahələr üzrə həyata keçirilib.

Sonra istehsalat təcrübəsində olmuş qruplar üzrə tələbələrin hesabatları dinlənilib. Müvafiq ixtisaslar üzrə əməliyyat prosesi, müayinə, müalicə metodları ilə tanış olan tələbələr slaydlar vasitəsilə təqdimatlar ediblər.

 Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: