NDU tələbələri Amerikalı professorların təlimlərində uğurla iştirak etdikləri üçün sertifikat əldə ediblər - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində tədrisi ingilis dilində olan “İqtisadiyyat” ixtisası üçün təşkil edilən 12 həftəlik təlim uğurla yekunlaşıb. Amerikalı professorların da qatıldığı onlayn tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev qeyd edib ki, təşkil olunan treyninqlərdə tələbələr müasir biznesin funksiyaları, iş mühiti, idarəetmə, marketinq, maliyyə məsələləri ilə bağlı məlumatlar əldə ediblər. Eyni zamanda universitetin “İqtisadiyyat” fakültəsinin müəllim və tələbə heyəti və digər fakültələrdən olan könüllülərlə biznes idarəçiliyi, biznes mərkəzlərinin insanların həyatında rolu, beynəlxalq biznesin əhəmiyyəti, maliyyə konsepsiyası və s. məsələlər ətrafında müzakirələr aparılıb. Vurğulanıb ki, tələbələr bu təlimlər vasitəsilə həmçinin sahibkarlığın inkişafı, onu təşkil və idarə etmək qabiliyyəti, dünya əhəmiyyətli sahibkarlıq mərkəzləri ilə virtual tanışlıq imkanları qazanıblar. Rektor müəllim və tələbələrin gələcək karyeraları üçün mühüm əhəmiyyət daşıyan təlimlərin keçirilməsinə görə amerikalı mütəxəssislərə öz minnətdarlığını ifadə edib və universitetin adından hər bir təlimçiyə sertifikat təqdim edilib.
Təlimdə iştirak edən müəllim və tələbələr də təlimdə qazandıqları uğurlara görə amerikalı təlimçilərə öz minnətdarlıqlarını ifadə ediblər. Təlimdə iştirak edən hər bir müəllim və tələbəyə amerikalı mütəxəssislərin - Harri Lipinski, Paul Prabhaker, Cəmaləddin Hüseyni, Kollin Hikman, Ronald Melka, Jon Kalaras, Kristofer Veyger, Maykl Krzistonun imzaladıqları sertifikat verilib.
Görüşdə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib, birgə təlimlərin əhəmiyyəti önə çəkilib.
Səadət Əliyeva