NUHÇIXAN xəbər verir ki, Azərbaycan-Fransa müştərək ekspedisiyası arxeoloji tədqiqatlara başlayıb. Tədqiqat Babək rayonunun Kültəpə kəndindəki I Kültəpə və Uçan ağıl ərazisindəki qədim yaşayış yerlərində aparılır.
Aparılan arxeoloji tədqiqatların əsas məqsədi qədim yaşayış yerlərində mövcud olan Eneolit mədəniyyətləri arasındakı boşluğu öyrənməklə bu mədəniyyətlərin inkişaf ardıcıllığını və xüsusiyyətlərini dəqiqləşdirməkdən ibarətdir. İlk olaraq arxeoloji ekspedisiya Culfa, Babək və Ordubad rayonlarında kəşfiyyat xarakterli araşdırmalara başlayıb. Arxeoloqlar eyni zamanda I Kültəpə qədim yaşayış yerində insanların erkən məskunlaşma tarixini də müəyyənləşdirməyi nəzərdə tutub.
I Kültəpədə aparılan tədqiqatlar nəticəsində qədim yaşayış yerindən dördkünc binaların qalıqları və müxtəlif formalı keramika nümunələri, neolit dövrünü əhatə edən daş və sümük alətlər aşkar olunub. Burada tapılan nümunələrə əsaslanan tədqiqatçılar I Kültəpənin Cənubi Qafqazın ən qədim neolit abidəsi olduğunu qeyd edirlər.
Vaqif Ağalarov