Naxçıvan Dövlət Universiteti ilə Çankırı Karatekin Universiteti arasında ikili diplom layihəsinin icrasına başlanılıb - FOTOLAR
Naxçıvan Dövlət Universitetinin (NDU) rektorunun rəhbərliyi ilə nümayəndə heyəti Türkiyənin Çankırı Karatekin Universitetində olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Çankırı Karatekin Universitetinin rektoru Harun Çiftçi qonaqları ali təhsil ocağında qarşılamaqdan məmnun olduğunu vurğulayıb. NDU-nun rektoru Elbrus İsayev Çankırı Karatekin Universitetinə yeni rektor təyin olunmağı münasibətilə Harun Çiftçini təbrik edib, ona uğurlar arzulayıb.
Elbrus İsayev bildirib ki, NDU ilə qardaş ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq universitetin beynəlxalq əlaqələrinin aparıcı hissəsini təşkil edir. Belə ki, hazırda NDU ilə Türkiyənin 80-ə yaxın universiteti arasında tələbə və müəllim mobilliyi sahəsində əməkdaşlıq müqavilələri imzalanıb. Rektor Çankırı Karatekin Universiteti ilə əlaqələrin 2017-ci ildən başlandığını qeyd edib. Qeyd edib ki, ali təhsil ocağında ingilis dilində tədrisi həyata keçirilən İqtisadiyyat ixtisası üzrə kadr potensialı formalaşıb. Həmin ixtisasda dərs deyən müəllimlər və tələbələr bir sıra qabaqcıl Avropa və Amerika universitetlərinin professor-müəllim heyətinin rəhbərliyi ilə təlimə cəlb ediliblər. Elbrus İsayev Türkiyə universitetləri ilə həyata keçiriləcək ikili diplom layihələrinin hər iki ölkə üçün mühüm əhəmiyyətini vurğulayıb və gələcək perspektivlərini önə çəkib. Bildirib ki, hər iki ali təhsil ocağı arasında imzalanan protokol Ali Təhsil Şurasının təsdiqindən sonra növbəti akademik ildən başlayaraq 5 il müddətində etibarlıdır.
İmzalanmış protokola görə tərəflərin qarşıya qoyduqları öhdəliklər müzakirə edilib, universitetlərarası əməkdaşlıq sahələri haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, layihənin şərtlərinə görə birgə proqramda universitetlər, ilk növbədə təhsil almağa göndəriləcək tələbə sayını müəyyənləşdiriblər. Eyni zamanda proqram çərçivəsində təqaüd alacaq tələbə kontingentinin müəyyənləşməsi üçün tələb olunan şərtlər dəqiqləşdirilib, qiymətləndirmə sistemi uyğunlaşdırıb. Ortaq proqramın məzunu olmuş tələbələr universitetlər tərəfindən müəyyənləşdirilən bütün şərtləri yerinə yetirməlidirlər.
Səadət Əliyeva