Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 14-də Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə DİM-dən məlumat verilib. Bildirilib ki, iyulun 14-ü III ixtisas qrupu üzrə keçiriləcək imtahanda 21 min 35 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahanlar saat 10:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış, saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 168 imtahan binası, 2873 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 168 ümumi imtahan rəhbəri, 473 imtahan rəhbəri, 3748 nəzarətçi–müəllim, 380 buraxılış rejimi əməkdaşı, 168 bina nümayəndəsi ayrılıb.