Naxçıvan Dövlət Universitetinin “Enactus” komandasına kubok və sertifikatlar təqdim olunub - FOTOLAR
Naxçıvan Dövlət Universitetində Azərbaycan Gənclər Fondu, Naxçıvan Gənclər Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqı, Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi və “Enactus Azərbaycan”ın birgə tərəfdaşlığı ilə “Enactus regionlarda” layihəsi çərçivəsində təlimlər keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gənclərə sahibkarlıq bacarıqlarını aşılamaq, onların regionların inkişafına töhfə verməsinə zəmin yaratmağa çalışmaq məqsədini daşıyan təlimdə çıxış edən ali təhsil ocağının İqtisad və idarəetmə fakültəsinin dekanı, “Enactus” komandasının rəhbəri Əşrəf Ələkbərov universitet haqqında qonaqlara ətraflı məlumat verib. Qeyd edib ki, 2008-ci ildə yaradılan universitetin “Enactus” komandası qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, keçirilən yarışmalarda bir çox uğurlar əldə edib. Belə ki, ölkənin ən nüfuzlu ali məktəblərinin qatıldığı ilk milli çempionatda tələbələrimiz uğurla çıxış edərək III yerə layiq görülüb. 2021-ci ilin aprel ayında Azərbaycan Gənclər Fondu, Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqı və “Enactus Azərbaycan”ın təşkilatçılığı ilə 19 ali təhsil müəssisəsi komandasının iştirak etdiyi “Enactus onlayn sahibkarlıq” müsabiqəsində universitetin “Enactus” komandasının təqdim etdiyi layihə-müsabiqənin qalibi olub. Komanda daha inamla çıxış edərək Enactus milli çempionatında 3 dəfə Azərbaycan birincisi olub.
“Enactus Azərbaycan”ın ölkə üzrə rəhbəri Orduxan Qəhramanzadə, Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının baş katibi Murad Əliyev çıxış edərək təlimlər haqqında məlumat verib.
Daha sonra ikigünlük təlimə start verilib. “Enactus Azərbaycan”ın koordinatoru Rəşad Zeynalov “Sahibkarlığın əsasları və Enactus”, Naxçıvan Dövlət Universitetinin Dünya iqtisadiyyatı və menecment kafedrasının müdiri Ceyhun Mahmudov “Biznes təlimi”, ali təhsil ocağının İqtisadiyyat kafedrasının müəllimi Elvin Nəcəfov “Karyera və şəxsi inkişaf”, Bələdiyyə və turizm kafedrasının müəllimi Asif Abdullayev “Təqdimat və nitq mədəniyyəti” mövzusunda təlimlər keçiblər. Təlimlər açıq havada müxtəlif oyunlarla davam edib.
Tədbirin sonunda 2021-ci il “Enactus onlayn sahibkarlıq” müsabiqəsinin Azərbaycan üzrə qalibi olan Naxçıvan Dövlət Universitetinin “Enactus” komandasına kubok və sertifikatlar təqdim olunub.