14 iyul 1969-cu il ölkəmizin inkişaf tarixində xüsusi yerə malikdir - FOTOLAR
Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Dövlət Universiteti ərazi ilk partiya təşkilatı birgə “14 iyul 1969-cu il: Milli intibahın və tərəqqinin başlanğıc tarixi” mövzusunda tədbir keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov 14 iyul 1969-cu il tarixinin ölkəmizin inkişaf tarixində xüsusi yerə malik olduğunu vurğulayıb. Qeyd edib ki, respublikamızın mədəni, iqtisadi yüksəlişində, xalqımızın rifah halının yaxşılaşdırılmasında, indiki müstəqil dövlətimizin təməlinin qoyulmasında həmin gündən həyata keçirilən siyasətin müstəsna rolu olub.
Yeni Azərbaycan Partiyası Naxçıvan Dövlət Universiteti ərazi ilk partiya təşkilatının sədri Arzu Abdullayev bildirib ki, 14 iyul Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim, öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradan Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.
Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının şöbə müdiri Rail Tağızadə “Ümummilli lider Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu”, Naxçıvan Dövlət Universiteti Ümumi tarix kafedrasının müəllimi Emin Məmmədov “Yeni milli intibahın və müstəqil dövlətçiliyin əsasını qoymuş tarixi şəxsiyyət” mövzusunda məruzə ediblər.
Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına üzv qəbul edilmiş gənclərə partiya vəsiqələri təqdim olunub. Naxçıvan Dövlət Universitetinin tələbələrinin hazırladığı bədii kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Sonda Naxçıvan televiziyasının hazırladığı “Böyük liderlik missiyası” filminə baxış olub.
Fəxriyyə Səyyadova