Ankara Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalanıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti ilə Ankara Universiteti arasında akademik əməkdaşlıq müqaviləsi imzalanıb.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Ankara Universitetinin rektoru, professor Necdet Ünüvarın qatıldığı görüşdə hər iki ölkə arasında qardaşlıq münasibətlərinə toxunulub. Təhsil sahəsində əməkdaşlığın perspektivlərinə diqqəti çəkən rektorlar birgə protokolun əhəmiyyətindən danışıblar.
Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar təmsil etdikləri ali təhsil ocağının beynəlxalq əməkdaşlıqlarında Azərbaycan universitetlərinin xüsusi payı olduğunu diqqətə çəkib. Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığın tədqiqat fəaliyyətlərinə mühüm töhfə verəcək bir addım olacağına əminliyini ifadə edən rektor tədqiqat fəaliyyətləri olmadan təhsilin inkişafının mümkünsüz olduğunu qeyd edib. Magistratura və doktorantura proqramları sahəsində də əməkdaşlığın perspektivləri barədə danışan Necdet Ünüvar gələcəkdə ikili diplom layihələrinin həyata keçirilməsinin də mümkün olacağını irəli sürüb.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev rəhbərlik etdiyi ali təhsil ocağının dünyanın 130-dan çöx ölkəsi ilə beynəlxalq əməkdaşlığa malik olduğuna diqqət çəkərək bildirib ki, Türkiyənin 80-dən çox ali təhsil ocağı ilə geniş əməkdaşlıq fəaliyyəti mövcuddur. Onların sırasında Ankara Universitetinin xüsusi yeri vardır. Elbrus İsayev akademik və tələbə mübadiləsi proqramları ilə bu əlaqələrin daha da genişləndiriləcəyinə əminliyini bildirib.
Sonra rektorlar Naxçıvan Dövlət Universiteti ilə Ankara Universiteti arasında akademik sahədə əməkdaşlıq protokolunu imzalayıblar.
Qeyd edək ki, protokolda tərəflərin qarşılıqlı olaraq maraqlarına uyğun akademik və elmi mövzulardakı fəaliyyətlərində bir-birinin imkan və təcrübələrindən faydalanacağı, elmi məqsədlər daxilində professor-müəllim mübadiləsi, dərs, müşavirə, tədqiqat və oxşar fəaliyyətlərində, tədris və tədqiqat məqsədilə hər növdən kitab, elmi nəşrlər və oxşar materialların qarşılıqlı mübadiləsi, birgə tədqiqat layihələri və elmi yığıncaqların keçirilməsi öz əksini tapıb.
Səadət Əliyeva