İyulun 15-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən respublikanın 22 şəhər və rayonunda II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə DİM-dən məlumat verilib.
İyulun 16-dan etibarən Dövlət İmtahan Mərkəzində (DİM) imtahan protokolları və materiallarının emalına başlanılacaq.
Xatırladaq ki, imtahan respublikanın 22 şəhər və rayonunda keçirilib. İmtahanların keçirilməsi üçün şəhər və rayonlarda ümumilikdə 75 imtahan binası, 1266 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 75 ümumi imtahan rəhbəri, 249 imtahan rəhbəri, 1647 nəzarətçi–müəllim, 157 buraxılış rejimi əməkdaşı, 75 bina nümayəndəsi cəlb edilib.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.